12 Yanvar 18:43
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziyalara müsahibəsində regionda vəziyyət, sülh prosesi, qarşıda dayanan vəzifələr haqqında ətraflı bəhs edib. Müsahibədə, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması prosesi xüsusilə diqqət mərkəzində oldu”.

Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində son 20 ildə Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə isə milli gücünün artmasını təmin edib. Bununla yanaşı, tarazlaşdırılmış və milli maraqlara əsaslanan siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib. Hazırda regional güc mərkəzi olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ən mühüm məqam isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasıdır. Bu amil müasir tariximizin yeni mərhələsinin başlanğıcı sayıla bilər.

Deputat bildirib ki, ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Azərbaycanın həyatında yeni mərhələ başlayıb. Hazırda qarşıda dayanan ən əsas hədəflərdən biri sülhə nail olmaq və Cənubi Qafqazı əməkdaşlıq məkanına çevirməkdən ibarətdir. Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziyalara müsahibəsində dediyi kimi, sülh müqaviləsinin imzalanması üçün real şərait mövcuddur. Ancaq bir məsələ var ki, müəyyən beynəlxalq dairələr Ermənistana yalan vədlər verərək sülhdən uzaqlaşdırmağa çalışır. Ötən il Qarabağda keçirilən antiterror tədbirlərindən sonra baş verənlər buna nümunədir. Belə ki, havadarları Ermənistana guya Azərbaycana qarşı BMT Təhlükəsizlik Şurası və Avropa İttifaqı səviyyəsində sanksiyalar tətbiq ediləcəyi vədi verilmişdi. Rəsmi İrəvan da onlara inanaraq sülh sazişi üzrə təkliflərə cavabını uzadırdı. Təkliflərini 70 gün sonra Bakıya təqdim etməsinin səbəbi də bu idi. Həmin cavabda Qarabağ erməniləri ilə bağlı heç bir məqam yoxdur.

Digər bir məsələ isə ondan ibarətdir ki, erməni tərəfi sülh sazişinin imzalanması prosesində hansısa zəmanətçilərin olmasını istəyir. Rəsmi Bakı isə bunu qəbul etmir. Çünki üçüncü qüvvələrin burada təırəf olması gələcəkdə region üçün yeni problemlər yarada bilər. Cənab Prezident də müsahibədə hansısa zəmanətçiyə ehtiyac olmadığını bəyan edib. Əgər Ermənistan konstruktivlik nümayiş etdirərsə, Azərbaycanın ədalətli təkliflərini qəbul edərsə, tezliklə sülh sazişi imzalana bilər. Burada Zəngəzur dəhlizinin açılması da vacib rol oynayır. Dövlət başçısının dediyi kimi, “Azərbaycandan Azərbayacana maneəsiz keçid” təmin olunmalıdır. Üçüncü ölkələrə gediş-gəlişə isə sərhəd yoxlamaları, gömrük rüsumları tətbiq oluna bilər. Əks halda, Azərbaycan Ermənistanla heç bir sərhəd məntəqəsi açmayacaq.

Millət vəkilinin sözlərinə görə, müsahibədə dövlətimizin başçısı Böyük Qayıdışla bağlı xoş müjdələr verdi. Belə ki, bu il ərzində beş şəhər - Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərləri doğma sakinlərini qəbul edəcək. Bununla paralel olaraq bir neçə kəndə də keçmiş köçkünlərin qayıdışı təmin olunacaq. Məsələn, Laçın rayonunun Sus kəndi hazır olacaq. Ondan sonra Xocalı rayonunun Kərkicahan, Turşsu kəndlərinin də bərpasına start verilir. Mənim üçün çox xoşdur ki, ata-baba yurdum olan Malıbəyli kəndinə də bu il qayıdış gerçəkləşəcək. Cənab Prezident müsahibdə bildirib: “Kəndlər tamamilə dağılmış vəziyyətdədir. Mən Qarabağa son səfərim zamanı oraya baş çəkmişəm. Tamamilə dağılmış vəziyyətdədir, Malıbəyli məscidi də dağılmış və vandallar ondan da peyin anbarı kimi istifadə etmişlər. Yəni, sadaladığım bu, ən azı şəhər və kəndlərə keçmiş köçkünlər qayıdacaq və 2026-cı ilin sonuna qədər o artıq bəyan edildi, hədəfimiz 140 min keçmiş köçkünü öz dədə-baba torpaqlarına qaytarmaqdır”. İnanırıq ki, dövlətimiz bu prosesi ən yüksək səviyyədə həyata keçirəcək.

Fatma Yıldırım qeyd edib ki, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə müasir tariximizin yeni, şanlı mərhələsi başlayıb. Cənab Prezident də müsahibəsində növbədənkənar prezident seçkilərinin keçirilməsinin əsas səbəbini də bu amillə əlaqələndirib. Yeni mərhələdə yeni hədəflərə doğru Azərbaycan dövləti və xalqı qətiyyətlə addımlayacaq. Azərbaycan yeni mərhələdə gücünü və qüdrətini daha da artıracaq!


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər