Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Oqtay bəy, Nikol Paşinyan Zəngəzur dəhlizinin Azərbaycanla İran arasındakı razılaşmanın şərtlərinə uyğun həllindən danışıb. Sizcə, bu nə dərəcədə doğru yanaşmadır? Azərbaycandan Azərbaycana keçid hansı şərtlərlə təmin olunmalıdır?
- Nikol Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı açıqlamaları Azərbaycanın tələblərinə uyğun deyil. Sözsüz ki, bu, təkcə Azərbaycanın tələblərinə əsaslanmır. Üçtərəfli bəyanatın şərtlərinə uyğun olarq dəhlizin açılması təmin olunmalıdır. Bu baxımdan Paşinyanın bəyanatları indiki halda daha çox manipuliyasiya yaratmağa hesablanıb. O, özünü konstruktiv, sülhpərvər göstərməyə çalışır. Ona görə də, belə variantlara əl atır. Çünki İranla Azərbaycan arasındakı anlaşmadakı olan şərtlər Zəngəzur dəhlizi ilə olan bağlantıdan tamamilə fərqlənir. Yəni Paşinyan Azərbaycandan Naxçıvana gedişin İran üzərindən həyata keçirilən şərtlərin Zəngəzurda tətbiq olunacağını bildirməklə burada maneəsiz keçidin mümkün olmayacağını iddia edir. İddia edir ki, Ermənistan gömrük və sərhəd yoxlamasından sonra Azərbaycan vətəndaşları, yüklər və avtomobillər Naxçıvana gedə biləcək. Bu sözsüz ki, Azərbaycanın qəbul etmədiyi variantdır. Bununla bağlı Azərbaycanın birmənalı mövqeyi var. Ölkə başçısı da, bu günlərdə yerli televiziya kanallarına müsahibəsində bunu açıq şəkildə bildirib.
- Ermənistanın dəhlizlə bağlı şərtləri icra etməkdən imtinası üçtərəfli razılaşmaya ziddir. Belə olduğu halda razılaşmanın 9-cü bəndi icra edilməmiş qalır...
- Azərbaycan üçtərəfli bəyanata əsaslanır. Ona görə də, Paşinyanın söylədikləri arasında ciddi ziddiyyətlər var. Bu ziddiyyətlər Ermənistan tərəfindən həll olunmalıdır. Çünki bununla bağlı erməni tərəfinin öhdəlikləri qeyd edilib. Ermənistan üçtərəfli bəyanatın 9-cü bəndinə əsasən Azərbaycanın Qərb rayonlarını Naxçıvana birləşdirən kommunikasiya xəttlərinin açılmasına razılıq verib. Həmin kommunikasiya xəttində avtonəqliyyat vasitələrinin, yüklərin, vətəndaşların maneəsiz və təhlükəsiz hərəkətinin təmini qeyd edilib. Ermənistanın üzərinə öhdəlik qoyulub. Ona görə də Ermənistan bununla bağlı qərar verməlidir.
- Dəhlizlə bağlı şərtlər icra edilmədiyi halda Azərbaycanın yanaşması necə olacaq?
- Əgər bu şərtlər icra edilməyəcəksə, Azərbaycan və Ermənistan öz mövqeyini bir da müəyyənləşdirəcək. Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan-Ermənistan sərhədinin qalan heç bir hissəsində sərhədlər açılmayacaq.
- Sülh müqaviləsində delimitasiya və demarkasiya məsələlərinin əksini tapması ilə bağlı fərqli fikirlər səslənir. Bu məsələnin həlli ilə bağlı nə kimi presedentlər var?
- Delimitasiya və demarkasiya texniki məsələ olduğundan bunun həyata keçirilməsi həddən artıq uzun vaxt aparır. Ona görə də, sülh müqaviləsində bununla bağlı müddəanın olması normaldır. Amma sülh müqaviləsi ilə delimitasiyanı paralel aparmaq və bir-birindən bağlı hala gətirmək qəbuledilməzidr. Sülh müqaviləsi siyasi sənəddir. Bu, qısa, anlaşılan dildə yazılan, bir neçə vərəqdən ibarət ola bilər. Burada əsas prinsiplər əks olunmalıdır. Bu prinsiplərin də əsasını Azərbaycan Ermənistana təklif edib. Burada 5 baza prinsipi beynəlxalq hüquq, ədalət və savaşın nəticələrinə uyğun şəkildə təqdim edilib. Bu prinsiplərin hamısı beynəlxalq hüquqa uyğundur.
- Delimitasiya ilə bağlı proseslərin sülh müqaviləsindən sonra icrası necə təmin edilməlidir?
- Bu prinsiplər qəbul olunacaqsa, qalan texniki xarakterli məsələlərin həllinə avtomatik şəkildə başlanıla bilər. Təbii ki, sülh müqaviləsində delimitasiya ilə bağlı hansısa bəndin olması da normal məsələdir. Sülh müqaviləsində bu məsələ göstərilə bilər. Amma sülh müqaviləsini delimitasiya ilə əlaqələndirmək doğru deyil.
- "Sərhədlər dəqiqləşsin daha sonra sülh sənədi imzalanar" kimi yanaşmalar da var...
- Delimitasiyadan sonra sülh müqaviləsinin imzalanmasına dai anlayışlar qəbul edilmir. Sülh müqaviləsinin imzalanması siyasi bir məsələdir. Bu iki ölkə arasında münasibətlərin normallaşması üçün vacib olan sənəddir. Delimitasiya isə uzunmüddətli zaman tələb edən texniki prosesdir. Bununla bağlı birmənalı fikir var.