19 Yanvar 09:23
1 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- İran niyə Pakistanla münasibətləri gərginləşdirmək yolunu seçdi?

- İran qondarma faktlara əsaslanaraq iddia edir ki, guya Pakistan ərazisində ona qarşı terror hərəkətləri edən qruplaşma var. Pakistanın da eyni iddianı İrana qarşı irəli sürür. Pakistan belə hesab edir ki, İran terroru dəstəkləyən dövlət kimi ölkə ərazisinə terrorçular göndərir, onların burada məskunlaşmasına şərait yaradır. Bu zəmində iki ölkə bir-birinin ərazisinə qarşılıqlı zərbələr endirib. Əvvəlcə İran Pakistanın Bəlucistan, sonra Pakistan İranın Sistan-Bəlucistan bölgəsini vurdu, nəticədə hər iki tərəfin itkiləri var.

İran yenə də öz “ənənə”sinə sadiq qalaraq iddia edir ki, guya Pakistan ölkə ərazisindəki “anti-İran və anti-İslami qüvvələr”i təhrik edir. Əlbəttə, Pakistanın belə bir fikri yoxdur. Qardaş Pakistan heç bir dövlətin daxili işlərinə qarışmır. Pakistan bütün qonşuları ilə normal münasibətlərini davam etdirməyə çalışır. Əlbəttə, münaqişəli vəziyyətdə olduğu Hindistanla müəyyən problemlər var. Amma İran ətrafındakı bütün ölkələrlə savaş içindədir. Tehran bütün qonşuları ilə gərginlik yaradır. Sanki bu ölkə bütün dünya ilə savaşmaq eşqinə düşüb. Pakistana etdikləri də baha başa gəldi. Pakistan buna cavab olaraq, İran ərazisini öz qırıcıları ilə bombardman elədi.

Artıq hər iki ölkə səfirlərini geri çağırıb. Bu da onu göstərir ki, diplomatik münasibətlərin səviyyəsi aşağı düşüb, vəziyyət xeyli gərgindir və yüksələn xətt üzrə gedir. Hesab edirəm ki, İran təxribatçı hərəkətlərini dayandırmasa, onun üçün yaxşı olmayan durum yaranacaq. Onu da deyim ki, ilk addımı İran atıb, Pakistan ona cavab vermək məcburiyyətində qalıb. İran bu təxribatlarını dayandırmasa, gərginlik daha da genişlənə bilər. Təhlükəli tendensiyadır, bunun nəticələrini indidən hesablamaq lazımdır.

- İranın Pakistanla savaşa girə biləcək ordusu varmı?

- İranın müəyyən qədər hərbi gücü var. Amma hesab etmirəm ki, İran Pakistan üzərində hərbi qələbə qazana və ya onun ərazilərini işğal edə bilər. Hələ nüvə silahlarını demirəm, Pakistanın hərbi aviasiya, xüsusi təyinatlı qüvvələr, quru qoşunları və digər cəhətlərdən İrandan qat-qat güclüdür. Pakistan İranı silib-süpürüb dizinin altına qoya bilər. Yəni Pakistan bu qədər hərbi cəhətdən güclü, qüdrətli ölkədir. Bəli, İran qəfil Pakistan ərazisinə raket və ya dron ata bilər, amma Pakistan ordusunun qarşısında dura bilməz. İranın Pakistan üzərində hərbi qələbəsi mümkünsüzdür. Amma vəziyyətin irimiqyaslı qarşıdurma səviyyəsinə çatacağını təxmin etmirəm. İran mütləq qorxub geri çəkiləcək.

- Son gəlişmələrdən sonra İranın Pakistanla sərhəddə yerləşən Sistan-Bəlucistan əyalətində vəziyyət gərginləşib. Bəlucların silahlı “Ceyşül-Ədl” Hərəkatı Tehrana qarşı mübarizəyə başlayıb, nəticədə SEPAH-ın bir neçə hərbçisi öldürülüb. Bundan sonrakı mərhələdə İrandan ayrılmaq istəyən bu bölgə Tehran üçün ciddi başağrısına çevrilə bilərmi?

- Bu bölgə çoxdan İran üçün başağrısıdır. Bəluclar böyük xalqdır, böyük hissəsi Pakistan ərazisində yaşayır. Bəluclar mübariz, döyüşkəndir, amma onların İranda yaşayan hissəsi yoxsulluq və səfalət içindədir. İran dövləti həmişə bəlucları düşmən kimi görüb, onları sıxışdırıb və yaşadıqları bölgənin inkişafına mane olub. Ötən il İranda ümumxalq etirazları başlayanda bəluc hərəkatı ön sırada idi. İndi bəluclar ayağa qalxsa və Pakistan onları dəstəkləsə, Əfqanıstan da onların tərəfində olacaq. Bu baxımdan, İranın vəziyyəti ümidverici deyil.

Partizan savaşına öyrəşmiş, dağlıq-təpəlik və digər coğrafi şərtlər altında döyüşməyi bacaran bəluclara logistik və hərbi yardım edilərsə, Bəlucistanı müstəqilliyə qədər apara bilərlər. Bəlucların belə bir vəziyyətdə İranın içərilərinə doğru irəliləmələri də mümkündür.

- Ermənistan istisna olmaqla, İranın bütün qonşuları ilə münasibətləri problemlidir. Sizcə, bu, nə ilə əlaqəlidir?

- İran hazırda “İsrailə qarşı mübarizə” adı altında Yəməndəki husiləri Qırmızı dənizdə quldurluq etməyə məcbur edir. İran husilərə İsrailə üzən gəmiləri atəşə tutmaları üçün yardım göstərir. İran bu dəstəyi həm quru, həm də dənizdən verir. ABŞ və Britaniya bu dəniz quldurları – husilərə qarşı hava əməliyyatları aparır, demək olar ki, onları sıradan çıxarmaq üzrədirlər. Husiləri təkcə İran dəstəkləyir, yalnız o Britaniya və ABŞ-nin əməliyyatlarına etiraz edir.

Son zamanlarda İranın Səudiyyə Ərəbistanı ilə əlaqələri müəyyən qədər mülayimləşsə də, hələ də Tehranın bu ölkəyə qarşı düşmən münasibəti qalır. Təsadüfi deyil ki, husilər ən çox Səudiyyəni hədəfə alır, onun ərazilərinə zərbə endirir. Bu ölkənin neft obyektlərinə qarşı xeyli təxribat törədiblər. Buna görə də, Səudiyyə Ərəbistanı ABŞ və Britaniyanın husilərə qarşı əməliyyatlarına bu və ya digər şəkildə dəstək verir. Ər-Riyad istəyir ki, bu mübarizədə İran və onun bölgədəki əlaltıları sıradan çıxarılsın.

İran yaxınlarda İraqdakı kürd muxtariyyətinə qarşı hərbi əməliyyat keçirdi, nəticədə 4 mülki insan həlak oldu. Ardınca Tehran belə bir uydurma tezis irəli sürdü ki, guya onlar MOSSAD-ın agentləri imiş. İraq artıq Tehrandakı səfirini geri çağırıb və İrana nota verib. Hətta belə bir fikir də var ki, İraq İrana qarşı müharibəyə hazırlaşır.

Bir sözlə, İran öz xalqının problemləri ilə məşğul olmaq və bölgədə sülhə dəstək vermək əvəzinə, regionu çalxalayır. Ermənistanı da qızışdırıb bizim üzərimizə salmaq istəyən İran deyilmi? İran Ermənistanı aşkar formada müdafə etmirmi? Bəzi məsələlərlə bağlı Azərbaycana təhdid mesajları vermirmi? Sərhədlərimiz yaxınlığında təlim keçirən kim idi?

İran başını itirmiş, molla başı ilə işləyən bir ölkədir. Sanki bütün dünyaya “cihad” edirmiş kimi bir vəziyyətdədir. Buna görə də, çox da uzaqda olmayan bir zamanda İran öz cəzasını alacaq. Bunu ABŞ da, İsrail də, Pakistan da, Əfqanıstan da edə, lazım gələrsə, Səudiyyə Ərəbistanı da bu proseslərə dəstək verə bilər. Ölüm çənbərinin içində olan İran bir dəqiqə də sakit dayanmır. Əhalisi acından qırılır, husilərə silah və pul göndərir. İran təkcə husiləri yox, “Həşd əş-Şabi”, “Hizbullah”, “Fatimiyyun” və digər terror təşkilatlarına da yardım edir. İran bu gün Yaxın Şərqdə 16-dan çox terrorçu qruplaşmaya hərbi, maddi və logistik yardım göstərir. Bu, milyardlar deməkdir. Bu milyardlar isə sıravi İran vətəndaşlarının gündəlik ehtiyacları üçün vacib olan vəsaitlərdir.


Müəllif: Mənsur Rəğbətoğlu