ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardığı exit-pollun nəticələrini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, nəticələrə əsasən hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 93,9 faiz seçicinin səsini qazanıb.
Zahid Oruc - 1.8 faiz, Fazil Mustafa -1.5, Qüdrət Həsənquliyev -1.2, Elşad Musayev -0.4 faiz, Fuad Əliyev 0.3 faiz, Razi Nurullayev 0.9 faiz yığıb.
Təşkilatının nümayəndəsi Corc Birnbaum Hilton oteldə keçirilən mətbuat konfransında deyib ki, seçki məntəqələri artıq bağlanıb: "Hamı nəticələri gözləyir. Bizim təşkilatın nümayəndələri seçki məntəqəsindən çıxan seçicilərlə müsahibələr edib, seçkini yaxından izləyib".
Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.