16 Fevral 16:51
1 381
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkitərəfli və ya birbaşa İrəvan-Bakı dialoqu dar maraqları güdən hər hansı yan təsiri neytrallaşdıra bilər.

Teleqraf.com xəbər verir ki, bunu britaniyalı analitik Tomas de Vaal deyib.

Ekspertin fikrincə, 2024-cü il həm Ukrayna, həm də Azərbaycan və Ermənistan üçün həlledici olacaq.

De Vaalın sözlərinə görə, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması üzrə danışıqlar davam edəcək, amma Zəngəzur dəhlizi ilə bağlı mübahisə qalacaq.

“Uduş kartların çoxu hələ də Azərbaycanın əlindədir. Beşinci müddətə yenidən seçilən İlham Əliyev heç vaxt özünə bu qədər arxayın olmayıb. Əliyev ötən ilin sentyabr hadisələri (Qarabağda suverenliyimizin tam bərpası – red.) nəticəsində ictimaiyyətin gözündə yeni legitimlik qazanıb”, - analitik bildirib.

De Vaal etiraf edir ki, Azərbaycanın öz ərazilərini tam azad etməsi Qərbdə yaxşı qarşılanmayıb və bu, əlaqələri soyudub:

“Ötən ilin yayından Qərbin vasitəçiliyi ilə keçirilən Ermənistan-Azərbaycan danışıqları dayandırılıb. Sülh sazişinin mətni üzərində işlə bağlı Ermənistan-Azərbaycan ikitərəfli prosesi qalıb. İkitərəfli və ya birbaşa İrəvan-Bakı dialoqu dar maraqları güdən hər hansı yan təsiri neytrallaşdıra bilər. Amma Ermənistan narahatdır ki, qeyri-mütənasib vəziyyətdə Azərbaycana daha çox güzəştə gedə bilər.

Yekun razılığa gəlmək üçün üç əsas maneə var:

Birincisi, Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası ilə bağlıdır. Məsələ budur ki, bu məsələ ilə bağlı sovet dövründə qalma çoxlu xəritələr var, bu da sərhəd xəttinin haradan çəkilməli olması ilə bağlı müxtəlif fikir və şərhlərə əsas verir.

İkinci sual beynəlxalq təminatlar və mümkün mübahisələrin həlli mexanizmləri ilə bağlıdır. Bu, müqavilənin sabitliyini qorumaq üçün lazımdır. Bu baxımdan Ermənistan mümkün qədər çox, Azərbaycan isə mümkün qədər az beynəlxalq dəstək istəyir.

Son dərəcə mübahisəli olan üçüncü sual isə Azərbaycanın əsas ərazisini Ermənistan vasitəsilə Naxçıvanla birləşdirən 43 kilometrlik yolun açılması ilə əlaqəlidir. Bakı istəyir ki, o yol açılsın, amma Ermənistan ona mümkün qədər az nəzarət etsin. Ermənistan tərəfi regional strateji əhəmiyyət kəsb edən cənub sərhəd zonası üzərində öz suverenliyi və təhlükəsizliyindən əl çəkmək istəmir. Bu vəziyyətdə Qərb ikinci və üçüncü məqamlarda son dərəcə maraqlıdır”.

De Vaal bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı 10 noyabr bəyanatını əsas götürür.

Britaniyalı analitik Rusiyanın da dəhlizə nəzarəti ələ keçirmək istədiyini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər