Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın sülh danışıqlarının davam etdirilməsi barədə Münxendə razılığa gəlmələri faktını olduqca müsbət irəliləyiş hesab edirəm.
Teleqraf.com xəbər verir ki, bu barədə AZƏRTAC-a beynəlxalq ekspert, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycanda sabiq səfiri və ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza Azərbaycan və Ermənistan liderlərinin Münxendə keçirilən ikitərəfli görüşünün yekunlarını şərh edərkən deyib. Bu, ötən ilin sentyabrında Qarabağ regionunda Azərbaycan Silahlı Qüvvələri tərəfindən aparılan lokal xarakterli antiterror tədbirlərindən sonra birinci görüş idi.
Agentliyin həmsöhbəti növbəti görüşün Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcəyini ehtimal edərək vurğulayıb ki, Şarl Mişel iki ölkənin liderlərinə sülh sazişi və sərhədlərin delimitasiyası üzrə danışıqlarda irəliləyişə nail olunmasında kömək etmək məsələsində sınanmış təcrübəyə malikdir.
Şərti sərhəddə bu yaxınlarda Azərbaycan sərhədçisinin yaralanması ilə nəticələnən insidentə gəlincə, Metyu Brayza bunun Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını istəməyənlər və faktiki olaraq hazırkı vəziyyətin davam etməsindən xeyir güdənlər tərəfindən növbəti təxribat olduğunu bildirib.
“Baş nazir Nikol Paşinyan bəyan edəndə ki, Azərbaycan irimiqyaslı müharibəyə hazırlaşır, mən çox məyus oldum. Çünki bu, həqiqətə uyğun deyildi. Sübut etməyə çalışmıram, lakin mənə elə gəlir ki, bu yaxınlardakı eskalasiya və fevralın 12-də Ermənistan tərəfindən atəş də onun Azərbaycan ilə sülh istəməyən siyasi opponentlərinin reaksiyasının bir hissəsi idi. Yəni indi doğrudan da münasib vaxtdır, fikrimcə, Şarl Mişel iki lideri bir araya gətirəcək və Paşinyan həqiqətən görüşdə iştirak etsəydi, çox yaxşı olardı. Çünki bu, vəziyyətin gərginliyinin azaldılmasına kömək olacaq”, - deyə ekspert sonda bildirib.