22 Fevral 10:03
4 938
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Son günlərdə Ermənistanda İranın bu ölkəyə hərbi dəstəyi məsələsi müzakirə olunur. Erməni deputatlar deyirlər ki, İran Zəngəzurda hərbi baza yaratmağa, birgə təlimlər keçirməyə hazırdır. Hətta İran Prezidenti İbrahim Rəisinin bir neçə gün əvvəl Tehranda görüşdüyü erməni rəsmisi Mqer Qriqoryana baza ilə bağlı təklif verdiyi bildirilir. İran nə etməyə çalışır, fəallığını niyə artırıb?

- Əslində, İranın Ermənistanda hərbi baza yaratması Tehranın ənənəvi siyasətinə zidd olmalıdır. Çünki Ermənistanda həm Rusiyanın hərbi bazası, həm də Avropa Birliyinin müşahidə missiyası yerləşir. İran avropalıların sərhədləri yaxınlığındakı fəaliyyətindən narahat olmalıdır. Düzdür, İran rəsmiləri adlarını çəkmədən bunu deyirlər, amma buna görə Ermənistana təzyiq yoxdur. Azərbaycana isə təzyiq edirdilər ki, siz niyə ABŞ və İsraillə əməkdaşlıq edirsiniz? Halbuki Azərbaycanın bu əməkdaşlığı İrana qarşı yönəlməyib. Ermənistandan söhbət düşəndə ona heç nə demirlər, “şıltaq övlad”ları kimi yanaşırlar, etirazlarını zəif bildirirlər.

İkinci Qarabağ Müharibəsindən sonra İranı ən çox narahat edən Qərbi Zəngəzur məsələsidir. İran hesab edir ki, Azərbaycan bu bölgəni nəzarətə götürmək istəyir. Qorxuları da budur ki, bu halda Ermənistana çıxışları olmayacaq. Amma bizim belə bir planımız yoxdur, biz sadəcə dəhlizin – nəqliyyat yollarının açılmasını istəyirik. İran bunun da əleyhinədir.

İran anti-Azərbaycan siyasətini davam etdirir. İkinci Qarabağ Müharibəsi və bundan sonra Ermənistana silah-sursat İran üzərindən daşınıb. Hindistan və Rusiya silahları bu yolla göndərib. Yeri gəlmişkən, Moskva bu yaxınlarda həmin yolla yenə Ermənistana silah daşıyıb. Bir dəfə də Fransa texnikaları Gürcüstan üzərindən göndərilib. Yəni İran Ermənistana dəstəyini davam etdirir, baxmayaraq ki, İrəvan Qərbin təhlükəsizlik təşkilatlarına yaxınlaşmağa çalışır. Bu da İranın ənənəvi siyasətinə ziddir, amma göz yummağa çalışır.

- Ermənistan Baş naziri Nikol Paşinyanın İranın təkliflərinə cavabı necə ola bilər? Sanki ehtiyatlıdır, ötən günlərdə də söyləmişdi ki, Tehranla münasibətlər bəzi ölkələrlə gərginliyə səbəb olur.

- Bəli, Paşinyan bu məsələdə son dərəcə ehtiyatlıdır. Paşinyan İranla münasibətləri gərginləşdirmək istəmir. Xatırladım ki, o, baş nazir seçilən kimi ilk səfərini İrana etmişdi. Tehrandakı çıxışında Ermənistanın xarici siyasətindəki prioriteti kimi İranla sıx tərəfdaşlığı göstərmişdi. İranda böyük zalda ermənilərlə görüşmüşdü, Azərbaycan əleyhinə şüarlar səsləndirmişdi. Paşinyan həmişə İranla əlaqələrə önəm verir. Düzdür, İkinci Qarabağ Müharibəsindən sonra Qərblə yaxınlaşmağa, Fransa və ABŞ ilə hərbi-təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyə çalışdı. Düzdür, anlayırdı ki, bu, İranda narazılıq doğuracaq, amma buna baxmayaraq, Paşinyan İranla münasibətlərin gərginləşməsinə getməz.

İrandan Ermənistana müəyyən etirazlar olsa da, aranı yumşaltmağa çalışır. Çünki bu iki dövləti yaxınlaşdıran bir məsələ var: Azərbaycan. Hər ikisi Azərbaycanı özü üçün təhlükə kimi görür, bu da onları yaxınlaşdırır.

- Ümumiyyətlə, İranın anti-Azərbaycan siyasətinin kökündə hansı amillər durur: bu, geosiyasi maraqlardan irəli gəlirmi, ya milli kimliyimizə olan münasibətdir?

- Hər iki məsələ var, əsasən də milli kimliklə bağlıdır. Dünyəvi Azərbaycanın varlığı İrandakı dini rejimi narahat edir. Qorxurlar ki, dünyəvi Azərbaycan İran azərbaycanlıları üçün model ola bilər. Həqiqətən də Güneydə yaşayan bacı və qardaşlarımızın bir hissəsi Azərbaycana bir model kimi baxırlar, həyatlarını bizim kimi qurmaq istəyirlər. İran da buna imkan vermir. Son zamanlarda İranda güneyli fəalların həbsi də artıb.

İran müxtəlif ölkələrdə şiə qruplaşmalarını öz təsiri altında saxlamağa çalışır, buna da nail olub. Məsələn, Suriya, İraq və Livanda. Şiələrin çoxluq təşkil etdiyi ölkələr içində yeganə Azərbaycandır ki, İrana tabe deyil, öz yolu ilə gedir. Bu da İranı narahat edir. Tehranda narahatdırlar ki, bütün şiələr onlara beyət edirlər, təkcə Azərbaycan öz yolu ilə gedir. Azərbaycana qarşı siyasətlərindən həm də buna görə əl çəkmirlər.

Bəlkə də İranda rejim dəyişsə, siyasətləri də dəyişər. Amma şah dövründə də İranda azərbaycanlılara münasibət eyni idi, rejim dəyişsə də, baxış qaldı.

Geosiyasi amil də var, Azərbaycan öz yolu ilə gedir. Türkiyə ilə müttəfiqlik əlaqələri qurmuşuq, Qərb ölkələri ilə sıx əməkdaşlıq edirik. Bu da İranı narahat edir, özü üçün bunu da təhlükə kimi görür. Bu, bizim seçimimizdir. Biz İranın daxili işləri və seçimlərinə qarışmırıq, onun da bizim işimizə qarışmağa ixtiyarı yoxdur. Bir sözlə, aradakı gərginlik İranın siyasəti ucbatından baş verir.

- Sizcə, Rusiyanın İranın Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmasına münasibəti necədir? Rusiya rəsmilərinin son açıqlaması o təəssüratı yaradır ki, Moskvada da dəhlizin işə düşməsində maraqlıdırlar.

- Burada da maraqlı ziddiyyət var. Rusiya məntiqlə Zəngəzur dəhlizinin açılmasında maraqlıdır, amma bir şərtlə ki, özü nəzarət eləsin. Rusiya bu iddiasını 10 noyabr bəyanatı əsasında irəli sürür. Ermənistan buna müsbət yanaşmır. Bəli, Rusiya dəhlizin açılmasını istəyir. Çünki Ukraynada apardığı işğalçı müharibəyə görə beynəlxalq sanksiyalarla üz-üzə qalıb. Bu durumda da dünyaya yeni çıxış yolları axtarmağa çalışır, Zəngəzur dəhlizi də buna imkan yaradır. Bu, Rusiyaya Azərbaycan üzərindən Türkiyəyə birbaşa çıxış imkanı verir. Yəni bu dəhliz Rusiya üçün vacibdir, İran isə əleyhinədir.

Ziddiyyət ondan ibarətdir ki, Rusiya İrana bir söz demir. Məsələn, demir ki, sən niyə dəhlizin əleyhinə çıxırsan, axı bu, sənin əleyhinə deyil, regional əməkdaşlıq üçün yeni fürsətlər yaradacaq və sair. Rusiya bu yöndə İranla izahat işi aparmır. Burada da həmin məsələdir, Azərbaycana qarşı siyasət İranla Ermənistanı yaxınlaşdırdığı kimi, Qərbə qarşı mövqe də Tehranla Moskvanı yaxınlaşdırır, Zəngəzur dəhlizi ilə bağlı fikir ayrılıqları olsa belə.

- Türkiyə də Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. İndi İranın bu prosesə mane olmaq cəhdləri Ankara-Tehran münasibətlərinə necə təsir göstərə bilər?

- Etiraf edək ki, İran-Türkiyə münasibətləri İran-Azərbaycan münasibətlərindən fərqlənir. İran Azərbaycanın dünyəviliyini qəbul etmir, seçimlərimizin əleyhinədir, bizə qarşı müəyyən təxribatlar törədir, hətta millət vəkilimizə (Fazil Mustafa) qarşı terrorun bir ucu gedib İrana çıxır və sair. Amma İran-Türkiyə münasibətlərində bu qədər ziddiyyət yoxdur. Düzdür, müəyyən suallar var, məsələn, PKK ilə bağlı, amma münasibətlərdə bizimki qədər gərginlik yoxdur. Buna baxmayaraq, Türkiyə də narahatdır, çünki Azərbaycanın müttəfiqidir. Azərbaycana təzyiq olanda Türkiyə də bunu özü üçün təhlükə sayır.

Türkiyə izahat işi aparır. Hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə ay əvvəl demişdi ki, İranın Zəngəzur dəhlizinə qarşı olmasını anlamaqda çətinlik çəkirəm. Bu, İrana ciddi mesaj idi ki, mane olmayın, dəhliz hamımızın xeyrinədir. Ankara bu istiqamətdə İranla izahat işi aparır. Həm Tehran, həm də Moskva ilə təmasları var ki, bu məsələ həllini tapsın. Təəssüf ki, İranda Türkiyəni eşitmək istəmirlər.

- Tehran Hindistan-İran-Ermənistan-Gürcüstan nəqliyyat dəhlizini də gündəmdə saxlayır. Mövzu tez-tez Dehli-İrəvan-Tehran üçtərəfli təmaslarında müzakirə olunur. Bu xəttin perspektivi varmı, qlobal maraq olacaqmı?

- Bu mövzu “Böyük İyirmilər”in Hindistan sammitindən sonra aktuallaşdı. Çinə alternativ yol üzərində düşünülürdü. Malların Hindistandan bir neçə istiqamətdə dünya bazarlarına çıxarılması təklifi irəli sürüldü. Bir layihə Hindistan-Səudiyyə Ərəbistanı-İsrail-Avropa xətti ilə bağlıydı. Yaxın Şərqdəki son gərginlik fonunda bu layihə arxa plana keçdi. Nəticədə digər xətlər gündəmə gəldi. Bunlardan biri Hindistan-İran-Ermənistan-Gürcüstan, digəri Hindistan-İran-Azərbaycan-Rusiya xəttidir.

Hindistan və İrandakı bəzi mərkəzlər son zamanlarda Ermənistanın adını çox çəkirlər. Amma məsələ budur ki, İranın bunun üçün lazımi infrastrukturu yoxdur, yollar çəkilməyib, milyardlarla dollar lazımdır. İndi bu pulları Ermənistana kim verəcək?

Azərbaycanda bütün infrastruktur hazırdır, müəyyən fəaliyyətlər də sürətlənib, hazır nəqliyyat yollarımız var. Normalda və məntiqlə Azərbaycan marşrutu istifadə olunmalıdır.

Ortada Rusiya amili də var. Rusiya da Azərbaycan marşrutunun seçilməsini istəyir. Çünki Ermənistan marşrutu seçilsə, Ermənistan bundan kənarda qalacaq. Hələ ki, məsələ müzakirə mövzusudur, reallaşmayıb. Hələlik Şimal-Cənub nəqliyyat dəhlizi az da olsa işləyir. Burda da əsas iştirakçı Azərbaycan, Rusiya, İran və digər dövlətlərdir.

Ermənistan öz arzusunu bildirir, İran da bu yöndə Hindistanın İrəvanla əlaqələrini gücləndirməyə çalışır. Amma real addımlar yoxdur. Çünki Ermənistanda infrastruktur qurulmayıb, təhlükələr var, üstəgəl, maliyyəsi yoxdur. Gərək dağlarda dəmir yolları çəkilsin, bu da böyük maliyyə deməkdir. Bir sözlə, bu arzudur, reallıqda Azərbaycan marşrutu işləyir. Orta dəhliz, Bakı-Tiflis-Qars dəmir yolu var. İranla gərginliyə rəğmən niyyət var ki, Araz çayının sahili ilə Türkiyəyə də bir dəmir yolu çəkilsin. Əsas iştirakçı Azərbaycandır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər