21 Fevral 12:23
383
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ildə Azərbaycanda referendum keçirilərək Konstitusiyaya bir sıra mühüm dəyişikliklər olundu. Bu, ölkədə yeni islahatlarının keçirilməsi istiqamətində atılan mühüm addım idi. Dövrün yeni tələblərinə uyğun dəyişikliklərin tərkib hissəsi kimi vitse-prezident institutunun təsis olunması dövlət idarəçiliyi sahəsində növbəti uğurlu mərhələnin başlanğıcına çevrildi. 2017-ci ildə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın Respublikanın Birinci vitse-prezidenti təyin edilməsi isə sanki hər bir vətəndaşın seçimi oldu. Əlbəttə ki, bunun bir çox səbəbləri var idi. Onun bütün təşəbbüslərinin, gerçəkləşdirdiyi layihələrin mərkəzində - İnsan, Azərbaycan dayanır.

Bunu Teleqraf.com-a Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, hələ 1995-ci ildə “Azərbaycan Mədəniyyətinin Dostları” Fonduna rəhbərlik edən Mehriban Əliyeva Birinci Qarabağ müharibəsi, daxili siyasi xaos, müstəqilliyin ilk çətin illəri və Azərbaycanın düşmənlərinin intriqaları nəticəsində düşdüyü təcrid vəziyyətində mədəniyyətimizin, erməni işğalının, Ermənistanın azərbaycanlılara qarşı edilən soyqırımı bütün dünyaya çatdırır, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycana yönəltməyə çalışırdı.

"2005-2017-ci illərdə Milli Məclisin deputatı olmuş Mehriban Əliyevanın Azərbaycanda parlamentarizm ənənələrinin inkişafında mühüm xidmətləri olub. Mehriban xanım Əliyeva parlamentin bir çox mühüm qərarlarının: məhkumlara amnistiya, qadın və uşaq hüquqlarının müdafiəsini təmin edən qanunların, milli adət-ənənələrin və ailə prinsiplərinin təşəbbüskarı olub. Onun rəhbəri olduğu parlamentlərarası dostluq qrupları Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında əvəzsiz rola malikdir.

Alicənablıq, insanpərvərlik, kübarlıq kimi yüksək insani dəyərlər, erudisiya sahibi olan Mehriban xanım Əliyeva zəngin və çoxşaxəli fəaliyyəti ilə təkcə ölkəmizdə deyil, bütün dünyada yüksək nüfuz, dərin hörmət qazanıb. Həm vətəndaş, həm ictimai xadim kimi Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayır, ölkənin inkişafına öz layiqli töhfələrini verir. “Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam. Mən də buna nail olmağa çalışacağam” - Mehriban xanımın həyat fəlsəfəsinin əsasını bu fikirlər təşkil edir", - qeyd edib.

Komitə sədri vurğulayıb ki, Mehriban Əliyevanın simasında vətəndaşlar köməyə ehtiyacı olanlara yardım əlini uzatmağa hazır etibarlı dayaq, doğma insan görürlər: "Minlərlə insana, xüsusi ilə uşaq və qadınlara sağlamlığını və ümidini qaytarır. Azərbaycan ailəsinin problemlərini həmişə diqqət mərkəzində saxlayır, ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir. Valideyn qayğısından və himayəsindən məhrum olmuş, eləcə də, sağlamlıq imkanları məhdud uşaqlarla bağlı hər bir problemə həssaslıqla yanaşır, onları qayğı ilə əhatə edir. Onun şəxsi dəstəyi və köməyi nəticəsində reallaşan genişmiqyaslı tədbirlər ana və uşaq ölümünün qarşısının alınması, hemofiliya, talassemiya və şəkərli diabet xəstəliklərinin azalması istiqamətində profilaktik və müalicəvi işlərin aparılmasına müsbət təsir göstərir. Cəmiyyətimizin həssas təbəqələrinin həyat şəraitinin yaxşılaşdırılması, onların daha əlverişli şəraitdə yaşaması üçün gördüyü işlərin nəticələri onlarda gələcəyə inam yaradır.

Mehriban xanımın müstəqil dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizə öz bəhrəsini verməkdədir. O ölkələr ki, Azərbaycana məkrli münasibət bəsləyirdi, indi tamam başqa bir yanaşma var. Heydər Əliyev Fondu, onun prezidenti, birinci vitse-prezident Mehriban Əliyevanın, eləcə də fondun vitse- prezidenti Leyla Əliyevanın Azərbaycanın ən ağrılı problemi olan keçmiş Qarabağ münaqişəsinin, azərbaycanlılara qarşı edilən genosidin dünyaya yayılmasında və təbliğ olunmasında rolu böyük olub. “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Azərbaycan həqiqətlərinin dünya dövlətləri tərəfindən tanıdılmasında aparılan işlər xüsusi əhəmiyyət daşıyır. O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, özəllikləri, dünya cəmiyyətində böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir".

Hicran Hüseynova bildirib ki, Azərbaycanın birinci vitse-prezidenti kimi sivilizasiyaların qlobal dialoquna həqiqətən müstəsna töhfə verib: "Mehriban xanım Qərbdə Şərqin qeyri-rəsmi elçisidir və klassik Qərb dəyərlərinin “vətəni” olan Avropanı Asiyada və öz vətənində təmsil edir. Vatikanın tarixində ilk dəfədir ki, müqəddəs xristian abidələrinin bərpasına müsəlman ölkəsində fəaliyyət göstərən bir təşkilat kömək edib. Azərbaycanın özündə Mehriban xanımın təşəbbüsü ilə katolik və pravoslav kilsələri, sinaqoq, eyni zamanda, məscidlər tikilir və ya əsaslı bərpa olunub. Hazırda işğaldan azad edilmiş ərazilərdə bu işlər davam etdirilir. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin bərpasına böyük siyasi əhəmiyyət verən Heydər Əliyev Fondu artıq işğal zamanı zədələnmiş tarix və mədəniyyət abidələrinin bərpası, o cümlədən tarixi abidələrin bərpası istiqamətində genişmiqyaslı işlər həyata keçirir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə artıq Vaqif məqbərəsi bərpa edilib və Yuxarı Gövhər ağa məscidinin bərpası başa çatdırılıb, mehmanxanalar və ictimai obyektlər tikilib. Bununla paralel olaraq faktiki olaraq yer üzündən silinmiş Ağdam şəhərində də genişmiqyaslı işlər aparılır".

Mehriban xanımın bütün bu layihələri böyük həssaslıqla, ən kiçik detallarına, incəliklərinə qədər izləməsi, proseslərin içərisində olması da Onun özünəməxsus iş üslubuna, xarakterə malik olduğunun aydın göstəricisidir. O, tarixdə yaşamış vətənpərvər, maarifpərvər qadınlarımızın örnək olan həyatını öz fəaliyyətində yeni keyfiyyətdə, həm də ləyaqətlə davam etdirir. O, ictimai düşüncədə “bir çox sosial problemləri yalnız dövlət həll etməlidir” kimi stereotipi dəyişdirməyə cəhd etdi və cəmiyyətin bütün təbəqələrinin kənar müşahidəçi mövqeyindən konkret fəaliyyətə keçməsinə nail oldu. Bu, çox önəmli məsələdir. Mehriban xanım insanlarda sosial məsuliyyət hissinin yaranmasına və ictimai işlərdə fəal olmağa sövq etdi. Və bu gün xeyli sahibkarlıq strukturları, təşkilatlar xeyriyyə işləri görür, bunu bir borc kimi qəbul edirlər.

Bütün dünyada, eləcə də Azərbaycanda COVID-19 pandemiyası bəşəriyyəti yeni çağırışlar qarşısında qoydu. Bununla yanaşı, Azərbaycan 44 günlük Vətən Müharibəsi apararaq xalqımızn 30 illik Qarabağ həsrətini sona çatdırdı. Ölkənin, dövlətin çətin anlarından uğurla çıxmağımız üçün qarşılıqlı dəstək vacib rol oynayır. Mənəvi və maddi dəstəyin bir-birini tamamlaması mühüm güc mənbəyidir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın koronavirus pandemiyası ilə bağlı xalqa müraciəti, “Instagram” səhifəsində etdiyi səmimi paylaşımlar mənəvi dəstəyin parlaq nümunələridir. Eləcə də, onun ermənilərin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza etdiyi müraciət bir daha göstərdi ki, biz bir-birimiz üçün məsuliyyət daşıyırıq. Bir çox məsələlərdə ehtiyatı əldən verməməliyik. Lakin bununla yanaşı, öz mübarizə əzmimizi göstərməliyik. Müsahibələrinin birində Ermənistan vandalizminə münasibətinin bildirərkən, Mehriban xanım qeyd etmişdir ki, “Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Goranboy, Naftalan və digər yaşayış məntəqələrinin dinc əhalisinə edilən hücumlar Ermənistanın Azərbaycana qarşı məkrli siyasətini açıq ifşa edir”. İnsanlığa qarşı cinayəti, terrorizmi qətiyyətlə pisləyərək, vurğulayırdı ki, “bütün bunlar birmənalı şəkildə göstərir ki, İrəvanın sülhdə marağı yoxdur, o, yalnız münaqişənin eskalasiyasını, onun regional qarşıdurmaya çevrilməsini arzu edir”. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tarixi Qələbə münasibətilə rəsmi “İnstagram” səhifəsində paylaşımında xalqımızı, dünya azərbaycanlılarını təbrik edərək, bildirdi ki, “Vətənimizi müdafiə edən, onu dirçəldən nəslin işıqlı xatirəsi, bu nəslə hörmət və ona görə səmimi qürur hissi hər bir azərbaycanlının qəlbində həmişəlik qalacaq”. Bəli bizim şəhidlərimizə, qazilərimizə, Vətən Müharibəsi iştirakçılarına minnətdarlıq hissimiz sonsuzdur. Mehriban xanım həmişəki ki, bir ictimai xadim və dövlət məmuru kimi həlak olanların ailələrinə lazımi köməyi göstərir. Yaralı əsgərlərin sağalması və normal həyata qayıtması üçün nə mümkündürsə edir.

Mehriban xanım Əliyeva cənab Prezident İlham Əliyevlə birlikdə bütün Azərbaycan xalqı, igid əsgər və zabitləri ilə birlikdə müqəddəs Qarabağ torpağına torpaqlara səfərlədər oldu. Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva hərbi-səhra forması geyinərək sanki bütün dünyaya “Azərbaycan xalqı və ordusu birdir, Qarabağ həmişəlik Azərbaycandır!” dediklərini bir daha təsdiqlədilər.

Mehriban xanım qayğıkeş həyat yoldaşı və ana, sadiq müttəfiq, görkəmli ictimai-siyasi xadim kimi bütün Azərbaycan qadınlarına örnəkdir. Mehriban Əliyeva Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil edən birinci xanım və Birinci vitse-prezident funksiyalarını ahəngdar şəkildə birləşdirir. Mehriban xanım Əliyevanın şəxsiyyəti müasir Şərq və Qərbin ən yaxşı xüsusiyyətlərini və ənənələrini özündə cəmləşdirmiş dünyəvi mütərəqqi şərq qadınının bariz nümunəsidir.

Nə üçün xalq ölkənin başçısını və birinci vitse-prezidenti bu qədər sevir? Sualının sadə bir cavabı var. Çünki, vətəndaşlar cənab Prezidentin və Mehriban xanımın timsalında onların istəkləri ilə maraqlanan, protokol çərçivəsindən kənara çıxmağı, hər bir ciddi problemə münasibət bildirməyi bacaran insanları görürlər. Onlar daim vətəndaşın yanındadır. Bu onu göstərir ki, xeyirxahlıq və şəfqət insanın daxilindən gəlməlidir, yoxsa ictimaiyyət onu qəbul etməyəcək. Əbəs yerə deyil ki, mədəniyyətin, idmanın, səhiyyənin və təhsilin inkişafında səmərəli fəaliyyətinə görə Mehriban xanım Əliyeva dəfələrlə Azərbaycanın və dünya ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatlarının yüksək mükafatlarına, o cümlədən Heydər Əliyevin ali ordeni və bir sıra xarici dövlətlərə layiq görülüb. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsində çalışdığı dövrlər Vətənin çiçəklənməsi naminə doğma Azərbaycanın rifahı naminə quruculuq fəaliyyətinin bariz nümunəsidir. Mehriban xanımın bütün fəaliyyəti vətənə xidmət nümunəsidir. Onun bütün həyatı bir əsas məqsədə - Azərbaycan xalqının müstəqilliyi, inkişafı və firavanlığına həsr olunub".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər