24 Fevral 13:53
2 365
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Hərbi Hava Qüvvələri ilə Pakistan Aeronavtika Kompleksi arasında imzalanan razılaşmaya əsasən JF-17 “4+” nəsil qırıcılar Bakıya təhvil veriləcək. Həmin müqavilə ilə Azərbaycanın JF-17C Blok-III qırıcılarının, həmçinin reaktiv təyyarələr üçün təlim və döyüş ləvazimatlarının alınması nəzərdə tutulub. Dəyəri 1,6 milyard dollar həcmində olan bu razılaşma olduqca böyük əhəmiyyətə malikdir.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, JF-17 “4+” nəsil qırıcısı beşinci nəsil avionika və silahlardan istifadə edə bilir:

“Bu qırıcıların alınması Azərbaycanın hərbi arsenalı üçün böyük üstünlükdür. Qırıcılar beşinci nəsil hərbi texnika hesab edilir. Onun radarlarda aşkar edilməsi manevr imkanları fərqlidir. Tapşırığı icra etdikdən sonra hədəfdən yayınmaq kimi müasir üstünlüklərə malikdir”.

Polkovnik hesab edir ki, Pakistandan alınacaq bu qırıcılar göstəricilərinə görə müasir F-16 qırıcılıra ilə müqayisə olunur:

“Ermənistanın sürətlə silahlanması fonunda Azərbaycanın da özünün müəyyənləşdirdiyi strategiya ilə Ordunu ən müasir hərbi ləvazimatlarla təmin etməsi labüddür. Bu gün Fransadan Ermənistana müdafiə təyinatlı silahlar verilir”.

Üzeyir Cəfərov Fransadan Ermənistana müdafiə xarakterli silahlarla yanaşı orta və uzaq mənzilli raketlərin də verilməsi ilə bağlı rəsmi açıqlamaların olduğunu söyləyib:

“Bu günə qədər 250 km məsafədə olan hədəfləri görmək, izləmək imkanı olan Ermənistan Fransadan verilən yeni raketlərlə bölgə üçün təhlükə yaratmağa çalışır. Təbii ki, Azərbaycan Ermənistanın bu hərəkətlərini cavabsız qoymur. Bundan öncə də Ermənistana xəbərdarlıq edilmişdi ki, Azərbaycana hər hansı təhlükə olacaqsa Bakı həmin legitim hədəfləri dərhal məhv etmək imkanlarına malikdir”.


Müəllif: Tapdıq Qurbanlı