Avropa Parlamenti Azərbaycanla Ermənistan arasında danışıqlar baş verdiyi halda prosesə zərbə vurur. Hazırda Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh müstəvisində danışıqların getdiyi bir vaxtda Avropa Parlamentinin sərgilədiyi mövqe onun öz mahiyyətinin açıq ifadəsidir.
Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.
O qeyd edib ki, Avropa Parlamentində Azərbaycanla bağlı səslənən ittihamlar yersiz və əsassızdır: “Bunlar sözsüz ki, təxribat xarakterli yanaşmalardır. Orada Azərbaycan əleyhinə çıxış edən deputatların adını çəkməyə ehtiyac yoxdur. Amma onlar dəqiq bilirlər ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh danışıqları ətrafında müzakirə aparır. Onu da dəqiq bilirlər ki, bu görüş Avropanın aparıcı ölkəsi olan Almaniya tərəfindən irəli sürülmüş təşəbbüs əsasında baş tutur”.
Deputat bildirib ki, məhz bu müstəvidə Azərbaycan özünün xoş niyyətini ortaya qoyaraq danışıqlarda iştiraka razılıq verib: “Avropa Parlamenti tərəfindən bu danışıqlara belə zərbə vurmaq özü-özlüyündə riyakarlığın bariz nümunəsidir”.