13 Mart 15:02
1 612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ və Şərqi Zəngəzura qayıdış, orada məskunlaşma, həyatın yenidən canlanması təkcə dövlətin, hökumətin üzərinə götürəcəyi iş deyil. Elliliklə bu işlə məşğul olunmalıdır. Dövlət, cəmiyyətin müxtəlif qrupları, ayrı-ayrı şəxslər özəl sektor, ölkəmizin beynəlxalq aləmdə olan dostları da bu prosesdə iştirak etməlidir. Ölkəmizə səfəri çərçivəsində Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı, bundan öncə Özbəkistanın töhfəsi olan məktəb çox gözəl nümunədir. Türk dövlətləri və digər dost ölkələr öndə olmaqla dünya birliyi də bu işə töhfəsini verməlidir. Çünki Qarabağda törədilənlər ümumbəşəri cinayətdir. Bu, tək Azərbaycan xalqına qarşı törədilmiş cinayət deyil. Bəşəriyyətin humanist qüvvələri ərazilərin minalardan təmizlənməsi işi və bərpa prosesində Azərbaycana kömək etməlidir.

Bunu Teleqraf.com-a Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.

Deputat Böyük Qayıdışla bağlı dövlət proqramının qəbul edildiyini bildirib: “İlkin dövlət proqramı 2026-cı ilə qədər icra olunacaq. Əsas olaraq baza prinsiplər formalaşaq. Ərazidə infrastrukturun qurulması, məskunlaşmanın mərhələli formada aparılması, dövlətə və özəl sektora aid olan vəzifələr, beynəlxalq tərəfdaşların görəcəyi işlər müəyyənləşəcək. Sözsüz ki, ərazidə bütün infrastruktur layihələri dövlətin vəsaiti və nəzarəti ilə həyata keçirilməlidir. Böyük şəhərlərin baş planlarının hazırlanması, sosial və sənayə obyektlərinin tikilməsi dövlətin üzərinə düşən işlərdir. Özəl sektor və fərdi şəxslər üçün də sahələr ayrılacaq. Kiminsə öz kəndində və başqa yerdə tikinti aparmasına, şərait qurmasına imkan yaradılacaq. Ölkə başçısı da vurğulayıb ki, bu prosesdə təkcə qarabağlılar deyil, Azərbaycanın hər yerindən bu ərazilərə insanların gəlib evlər alması, tikinti aparması təşviq olunmalıdır. Yaxın vaxtlarda hökumətin bununla bağlı konsepsiya açıqlaması mümkündür. Çünki işləri pərakəndə şəkildə icra etmək əlavə problemlər yarada bilər”.

Komitə sədri hesab edir ki, hökumətin hazırladığı konsepsiya, proqram əsasında özəl sektor və fərdi vətəndaşların bu prosesdə iştirakı vacibdir: “Burada tikiləcək evlər, sosial obyektlər, iş yerləri sistemli olsa daha yaxşı olar. Yeni bir Qarabağ qurulur. Keçmiş hissləri yaşatmaqla yeni nəsil üçün müasir konsepsiyaların irəli sürülməsi vacibdir. “Ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyası məhz bu məqsədə xidmət edir. Yaşıl enerjinin tətbiqi, günəş və külək enerjisindən geniş istifadə təşviq olunmalıdır. Su elektirik stansiyalarının qurulması ilə ekoloji mühitin yaranması mümkün olacaq. Bunlar dövlətin qoyduğu qaydalar və standartlar çərçivəsində reallaşacaq. Sahibkarlar və fərdi vətəndaşların burada hər hansı bir iş görməsinə də şərait yaradılacaq. Planlı olaraq bu sahədə işlərin aparılması daha vacibdir. Dövlətin qərarı və konsepsiyasının olması gözlənilir. Milli Məclisdə də bu məsələ bir neçə dəfə qaldırılıb. Hökumətin hesabatında da bu istiqamətdə müəyyən fikirlər səslənəcək”.

Musa Quliyev vurğulayıb ki, məskunlaşma prosesi bir ilin, bir günün işi deyil: “Bunun üçün uzun illər lazım olacaq. Bu templə işlərin icrası davam etdirilsə, yəqin ki, 20-25 il zaman çərçivəsində prosesin başa çatması mümkün ola bilər. Təbii ki, hər şeyi dövlətin büdcəsi və gücü ilə etmək də doğru olmaz. Qarabağdan və bu bölgədən olmayan iş adamları həmçinin, burada yaşamaq, çalışmaq arzusunda olan insanlara şərait yaradılacağı gözlənilir. Sahibkarlarla bağlı artıq qanunlar da dəyişib. Hüquqi baza yaradılıb və onlara imtiyazlar, vergi və sosial güzəştlər olunub. Artıq Qarabağ və Şərqi Zəngəzurda biznes strukturları çalışmaqdadır. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu sahədə böyük işlər görür. Turizm, aqrar sektor, aqrar emal sənayesi ilə bağlı proseslər özəl sektorun görəcəyi işlərdir. Sənayə, mədənçıxarma, istehsal sahələrinin yaradılması da plandadır və bunlar həyata keçiriləcək”.


Müəllif: Tapdıq Qurbanlı