30 Mart 20:19
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, Avropa İttifaqı-ABŞ və Ermənistanın aprelin 5-də keçirəcəyi konfransla bağlı fərqli mülahizələr mövcuddur. İndiki halda Ermənistan üzərində qurulan oyunların əsas məqsədi nədən ibarətdir?

- Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı artıq bəyanat verib. Avropada Azərbaycana qarşı olan münasibət göz önündədir. Bu, Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etdikdən və ərazisi üzərində suverenliyini tam təmin etdikdən sonra baş verən hallardır. Belçika senatında da bu yaxınlarda Azərbaycana qarşı erməni diasporu tərəfindən dinləmələr təşkil edildi. Burada yenə də Qarabağ məsələsi, Azərbaycan əraziləri müzakirə olunub.

- Sizcə, Qərbi bu məsələdə narahat edən məqamlar nədir?

- Bunun bir neçə səbəbi var. Burada başlıca amil Azərbaycanın müstəqil siyasət yürütməsidir. Digər bir prinsip Azərbaycanın Avropa, Qərb üçün açar ölkəyə çevrilməsi prosesinin birbaşa həyata keçirilməsi ilə bağlıdır. Ölkəmizə qarşı bu qüvvələr nə qədər işləsələr də, artıq Azərbaycan başqa müstəviyə qalxıb. Bu eyni zamanda enerji, logistika, beynəlxalq qanunun tətbiqi, ekoloji problemlərin həlli, dünyanın başqa qitələrini birləşdirən ölkə və yeni bir güc mərkəzi kimi Azərbaycanın yüksək səviyyəyə yüksəlməsi ilə bağlıdır. Məhz bu faktorlar Qərbdə fəaliyyət göstərən anti-Azərbaycan qüvvələrinin aktivləşməsinə şərait yaradır.

- Cənubi Qafqaz üçün Qərbin Ermənistan vasitəsi ilə həyata keçirməyə çalışdığı ideyalar hansı təhlükələri ehtiva edir?

- Qərb hansısa bir ölkənin müstəqil siyasət yürütməsini qəbul etmir. Onlar Qərbin siyasətinə uyğun olan ölkələrə dəstək verir. Keçmiş sovet ittifaqına daxil olan ölkələrdə bu hal açıq şəkildə müşahidə olunur. Hansı ölkə müstəqilliyinin bir hissəsini rəmzi və açıq şəkildə Qərblə bağlayırsa, onun taleyinin və aqibətinin necə olduğunu hamı görür. Bu kontekstdən Qərbin Cənubi Qafqazda Ermənistanla oynadığı oyun həddindən artıq təhlükəli və problemlidir.

- Niyə məhz Ermənistan üzərində bu planlar qurulur?

- Çünki Azərbaycanla bağlı Qərb bu oyunları oynaya bilmir. Gürcüstan isə çox maraqlı və özünəməxsus siyasət aparır. Gürcüstan Rusiya ilə münasibətləri qurmaq niyyətində olduğunu açıq şəkildə bəyan eedib. Eyni zamanda bu ölkə Ukrayna müharibəsi ilə bağlı mövqeyini ortaya qoyur. Fakitiki olaraq Gürcüstan Ukraynaya dəstək vermir. Amma Tbilisi Qərblə, Avropa Birliyi ilə ciddi addımların atılması üçün siyasət aparır. Ermənistan isə Azərbaycan və Gürcüstandan fərqli siyasət yürüdür. İrəvan bəyanatlarla yanaşı praktiki addımlarla Qərbə yönəlmiş, gözəçarpan siyasət aparır. Bu da Qərbin Ermənistan vasitəsi ilə regiona daxil olmasına şərait yaradır.

- Belə çıxır ki, Qərbin əsas məqsədi qısa zamanda Rusiyanı bölgədən uzaqlaşdırmaqdır...

- Ermənistanda olan Avropa “missiyası”nın mandatının uzadılması NATO-nun baş katibi ilə keçirilən görüşlər Rusiya ilə münasibətlərin dondurulması bu siyasətin tərkib hissəsidir. Həmçinin Moskvaya qarşı verilən ciddi bəyanatlar, rus hərbiçilərinin Ermənistanda səlahiyyətlərinin məhdudlaşdırılması faktları var. Qərb də öz növbəsində bu imkandan maksimum şəkildə yararlanmaq istəyir. Bunu Nikol Paşinyanın Avropa Parlamentinə, Avropa Birliyinə olan münasibətində açıq görmək mümündür. Aprelin 5-də Brüsseldə keçiriləcək toplantıda da bu hal müşahidə olunacaq.

- Azərbaycanın bu proseslərə yanaşması necədir?

- Bu məsələləri ciddi şəkildə təhlil edib, nəticələr çıxarmaq lazımdır. Faktiki olaraq Azərbaycan öz müstəqil siyasəti ilə regionda sabitliyi qorumaq niyətini ortaya qoyub. Amma Ermənistanın Qərblə oynadığı oyunlar fonunda bunun bölgəyə hansı təlatümləri gətirəcəyi müşkülü var


Müəllif: Tapdıq Qurbanlı