3 Aprel 10:51
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Ermənistan üzərindəki tarixi qələbəsindən sonra ikili standartlardan hələ də əl çəkə bilməyən, münaqişələrin nizamlanmasına kömək etmək əvəzinə, daha da qızışdıran, ermənipərəst mövqeyini gizlətməyən bir sıra qərəzli beynəlxalq təşkilatlar, o cümlədən Fransa kimi riyakar siyasət yeridən dövlətlər “zavallı erməniləri” dəstəkləmək üçün cilddən-cildə girirlər. Belə riyakarlar işğalçı Ermənistanın törətdiyi qətliamları, soyqırımları, terror aktlarını, Azərbaycanın ərazisinin 20 faizinin işğal altında saxladığını görməzliyə vuraraq ölkəmiz əleyhinə gah yalan və böhtanla dolu qətnamələr qəbul edir, gah da dinləmələr keçirirlər. Təbii ki, bütün bunlar ölkəmizə qarşı təzyiq və təhdid vasitələridir. Ancaq unudurlar ki, belə qərəzli yollarla Azərbaycanı, onun liderini öz mövqeyindən döndərə bilməyəcəklər.

Teleqraf.com xəbər verir k, bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, ölkəmizə qarşı təzyiq vasitəsinin bu dəfə aprelin 5-də baş tutacaq Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək konfransında şahidi olacağıq. Dünyada haqq-ədalətin, sülhün tərəfdarı olan ölkələr, hüquq müdafiəçiləri düşünürdülər ki, Azərbaycanın Ermənistan üzərindəki qələbəsindən sonra Cənubi Qafqazda sabitlik yaranacaq, işğalçılıq siyasəti tamamilə aradan qaldırılacaq. Hətta qalib Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olmağına dair ən yüksək səviyyədə bəyanatlar verdi. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ölkəmiz tərəfindən atılan addımlar beynəlxalq aləmdə də müsbət qarşılandı. Hətta növbəti addım qismində Azərbaycan iki dövlət arasında münasibətlərin yaradılması üçün beş baza prinsipinə dair təklifi vasitəçilər tərəfindən Ermənistana təqdim edilib. İki dövlət məhz bu baza prinsipi əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərdilər. Ancaq Ermənistanın məğlubiyyətini həzm etmək istəməyən siyasi riyakarlar bütün vasitələrlə sülh müqaviləsinin imzalanmasına mane olurlar. Son vaxtlar sülh müqaviləsinin imzalanmasına doğru addım atıldığı bir məqamda Aİ və ABŞ-nin münaqişəni yenidən alovlandırmağa cəhd edən belə bir məramı, təbii ki, dünyada baş alıb gedən ikili standartların növbəti nümunəsidir. Özlərini haqq-ədalət tərəfdarı kimi göstərməyə çalışan Aİ və ABŞ-ın bu konfransı, əslində, regionda sülh prosesini əngəlləyir.

Ç.Qənizadə deyib ki, əgər Avropa İttifaqı və ABŞ, doğrudan da regionda sabitlik görmək istəyirlərsə, ilk növbədə, Azərbaycanın təklif etdiyi 5 baza prinsipinə münasibət bildirməli idilər. Daha birtərəfli mövqe nümayiş etdirməklə özlərini beynəlxalq aləmdə gözdən salmamalı idilər. Azərbaycan tərəfi dəfələrlə Avropa İttifaqının, xüsusilə də onun bəzi üzv dövlətlərinin regionumuza münasibətdə müəyyən qərəzli yanaşmaları və fəaliyyətləri ilə bağlı öz mövqeyini açıq şəkildə ifadə edib. Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür Ermənistandakı revanşist əhval-ruhiyyəni daha da alovlandırır, regionda sabitliyin yenidən pozulmasına şərait yaradır. Belə siyasi riyakarlıq Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarına rəvac verəcək. Bundan sonra Aİ və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər. Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin, terror aktlarının, dinc əhalinin qətliamlarının qurbanı olduğu vaxtlarda Aİ və ABŞ heç zaman ədalətli mövqe sərgiləməyib.

Hüquq müdafiəçisi deyib ki, Paşinyanın çağırışı ilə regiona gedən Avropa İttifaqının müşahidə missiyası, guya 2 ay ərzində burada monitorinq aparmalı idi. Lakin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da təsdiqlədiyi kimi, Aİ bu missiyanı ikiqat artırdı. İndi oraya Kanada, Norveç və ABŞ-dan hərbçilər göndərilir və bu, Şimali Atlantika missiyasına çevrilir. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova da aprelin 5- də baş tutacaq Ermənistan-Aİ-ABŞ görüşünə münasibət bildirib. Diplomat deyib ki, Ermənistan bütün dünyanın gözü qarşısında kollektiv Qərbin erməni xalqının köklü maraqlarına tamamilə zidd olan son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevrilir. Onun sözlərinə görə, Vaşinqtonda, Brüsseldə və İrəvanda özlərini elə göstərirlər ki, aprelin 5-də gözlənilən yüksək səviyyəli Ermənistan-Aİ-ABŞ görüşünün niyə bir çoxlarında “narahatlığa” səbəb olmasına təəccüb edirlər. İddia edirlər ki, sanki o, heç bir üçüncü tərəfə qarşı yönəlməyib. Rusiyalı diplomat haqlı olaraq belə görüşlərin regionun əksər ölkələrində narahatlıq doğurduğunu bildirib. Görüşün təşkilatçıları və iştirakçıları, əslində, Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinin tərəfdarları deyillər. Rusiyalı diplomatın fikrincə, Qərb özünün son dərəcə dağıdıcı yanaşmaları ilə Cənubi Qafqaza daha çox müdaxilə etmək, orada yeni bölücü xətlər yaratmaq, ölkələri regionun anti-Rusiya gündəmini izləməyə məcbur etmək, onların Moskva ilə çoxəsrlik əlaqələrini pozmaq, mövcud regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərini zəiflətməyə çalışır.

“Avropa İttifaqı və ABŞ tərəfindən belə qərəzli görüşün keçirilməsi açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır. Bu, ikili standartların növbəti nümunəsidir. Təbii ki, bu konfrans sırf ölkəmizin əleyhinə köklənəcək. Beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında davamlı sülhə, sabitliyə və təhlükəsizliyə nail olmaq üçün əlverişli imkan yarandığı bir zamanda, belə görüşlərin keçirilməsi regionda yeni gərginlik yarada bilər. Ermənistan Qərbin təhlükəli planlarının alətinə çevrilir”, – deyə Ç.Qənizadə bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər