ABŞ dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edərək aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün mahiyyətini mümkün qədər açıqlamağa çalışıb. Azərbaycan tərəfində narahatlıq doğuran bu görüşlə bağlı sözsüz ki, ciddi əsaslar var. Dövlət katibi görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırsa da, məsələnin əsas mahiyyəti tam fərqlidir.
Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.
O qeyd edib ki, ABŞ, Avropa Birliyi Azərbaycanla münasibətləri başqa müstəvidə görür:
“Azərbaycanın rolu, təsiri haqqında onlarda aydın təsəvvür var. Bu xüsusda Blinkenin cənab Prezidentə telefon zəngi iki mühüm cəhətinə görə önəmlidir. İlk növbədə Azərbaycanın çəkisi, rolu, regionda onun iştirakı olmadan hər hansı bir məsələnin reallaşmasının mümkünsüzlüyü təsdiq olunur. Vaşinqton Azərbaycanla münasibətləri korlamaq istəmir. Məhz telefon danışığı zamanı da Azərbaycan Prezidenti ümumiyyətlə Qərbin yanaşması ilə bağlı narahatlıqları açıq şəkildə ifadə etdi. Ölkəmizin başçısı təhlükələrin haradan, necə və nəyə görə gəldiyini izah etdi”.
Millət vəkili bildirib ki, ermənilərin hiyləgər oyunları və qərbin yanaşması prosesləri hara qədər aparacağı haqqında aydın təsəvvürlər mövcuddur: “Azərbaycan Prizdenti də telefon danışığmda bu məsələləri qeyd edib. Ukraynada, Gürcüstanda, Moldovada baş verənlər göstərdi ki, qərb nə qədər vədlər versə də bunların heç bir əhəmiyyəti yoxdur. Sözsüz ki, bu ən böyük yanlışlıqdır. Bunu açıq şəkildə ifadə etmək isə böyük siyasətdir. Avropa Birliyi və ABŞ-ın revanşist ideyalarla yaşayan quruma dəstək verməsi tamam fərqli bir cəhətdir. Ermənistan isə qərbdən olan bu “kömək”dən Azərbaycan qarşı hücum üçün istifadə edəcək. Bunu dərk etməmək sadəlövlük deyilsə, məqsədli siyasətdir”.