Cənubi Qafqazda yeni reallıq yaranıb. Bu reallığın müəllifi qalib və güclü Azərbaycandır. Bölgədə sülhə, təhlükəsizliyə başlıca təhdid olan Ermənistanın işğal faktı aradan qalxıb. Separatizmə sarsıdıcı zərbə vurulub. Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü və suverenliyini tam təmin edib.
Bunu Teleqraf.com-a Respublika Ağsaqqallar Şurasının sədri Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor qeyd edib ki, Azərbaycan II Qarabağ müharibəsindən sonra Ermənistana sülh təklif edib: “Sülh konsespsiyası beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin maraqlarına xidmət edir. Artıq bu istiqamətdə addımlar atılır, Azərbaycanla Ermənistan sülhə heç vaxt olmadıqları qədər yaxındır. Sadəcə olaraq növbəti dəfə regionda öz maraqlarını reallaşdırmağa çalışan qüvvələr sülh prosesini pozmaq üçün bütün imkanlarını “səfərbər” ediblər. Başda Fransa olmaqla bəzi Qərb dövlətləri və təşkilatları Ermənistanı sülh prosesindən yayındırmaq üçün müxtəlif vədlərlə çıxış edir. Onun silahlandırılması, yenidən müharibəyə başlaması üçün təhrikedici addımlar atılır”.
Millət vəkili hesab edir ki, Avropa İttifaqının müşahidə “missiyası” adı altında Qərbin kəşfiyyat qrupunun Ermənistanda yerləşdirilməsi bu məhz bu planların tərkib hissəsidir: “Görünən isə odur ki, ABŞ və Avropa İttifaqı Ermənistanı Rusiyadan uzaqlaşdırmaqla yanaşı Cənubi Qafqazda müharibəni yenidən alovlandırmaq istəyir. Bununla yanaşı onlar Ermənistanı Azərbaycanla sülh sazişi imzalamamağa sövq edir. Fransanın, Hindistanın və Yunanıstanın Ermənistanı silahlandırması da bunun bariz nümunəsidir. Bu bir reallıqdır ki, Qərb dairələri Cənubi Qafqaz regionuna daxil olmağa və burada möhkəmlənməyə can atır. Bu amil region üçün çox təhlükəlidir. Qərb maraqları naminə bu təhlükəli oyunları oynayır. Sözsüz ki, bu amil region ölkələrinin maraqlarına xidmət etmir. Məhz Brüssel görüşündən dərhal sonra qardaş Türkiyə və Rusiya rəsmi bəyanat verərək Qərbin məkirli planlarına etiraz edib. Çünki Aİ-nın və ABŞ-ın bu planları bölgədə, sülhə və əməkdaşlığa zərbə olmaqla yanaşı pozuculuq məqsədi daşıyır. ABŞ və Avropa Komissiyası rəsmiləri Azərbaycan Prezidenti cənab İlham Əliyevlə telefon danışıqlarında bu görüşün ölkəmizə qarşı olmadığını desələr da Qərbin Azərbaycan və Türkiyə kimi güclü regiona dövlətlər ilə sərhədləri bağlı olan Ermənistanı iqtisadi böhrandan necə xilas edəcəkləri böyük suallar doğurur”.
Eldar Quliyev Brüssel görüşünün mahiyyətinin Ermənistanın Rusiyadan uzaqlaşdırılması, İrəvanın anti-Azərbaycan, anti-Türkiyə siyasətini dəstəkləməkdən ibarət olduğunu söyləyib: “Paşinyanın “sülh kəsişməsi” layihəsini dəstəkləyən Qərb Ermənistanın Azərbaycanın sülh təkliflərinə niyə cavab vermədiyini, işğaldakı 8 kəndin azad olunmaması məsləsinə toxunmadı. Azərbaycanın Qərb rayonları ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin açılması ilə bağlı da ABŞ və Aİ-dən Ermənistana heç bir reaksiya verilməyib. Bütün bunlar onu göstərir ki, Brüsseldə ABŞ-Ermənistan-Avropa İttifaqı arasında baş tutan görüş Cənubi Qafqazda yeni məkrli planların reallaşdırılmasına xidmət edir. Ermənistan iqtisadiyyatına və demokratiyanın inkişafına dəstək adı ilə keçirilən bu görüş açıq şəkildə tərəfkeşlik, onun əlinin güclənməsinə hesablanmış addımdır. Bu mənada Brüssel görüşünün məqsədləri regionda sülh quruculuğu prosesinə başlıca təhdid hesab olunur”.