25 Aprel 14:36
226
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprel ayının 22-də Prezident İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri iki ölkə arasında müttəfiqlik münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Rusiya arasında tarixdən gələn qonşuluq, müttəfiqlik münasibətləri ötən dövr ərzində yüksək inkişaf mərhələsi keçmişdir. Qeyd etmək lazımdır ki, Rusiya Azərbaycanın şanlı Qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnən İkinci Qarabağ müharibəsini başa çatdıran 2020-ci il 10 noyabr müqaviləsinin imzalanmasında müstəsna rol oynamışdır. Bununla da, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunması istiqamətində mühüm addımların atılması üçün zəmin yaranmışdır. Onu da qeyd edək ki, səfər çərçivəsində cənab Prezident iki ölkənin xalqları arasında tarixdən gələn dostluğun və əməkdaşlığın təcəssümü olan Baykal-Amur Magistralının 50 illik yubiley tədbirində iştirak etmişdir. Tədbirdə Ulu Öndər Heydər Əliyevin bu nəhəng layihənin ərsəyə gəlməsindəki müstəsna xidmətlərinin xatırlanması və Ümummilli Liderin xatirəsinə yüksək ehtiramın nümayiş olunması ölkələrimiz arasında münasibətlərin nə qədər dərin köklərə malik olduğunun növbəti dəfə təzahürüdür.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, Azərbaycan-Rusiya əlaqələri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir: “Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. İkitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə”dir. 2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri isə iki qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoyub. Həmin səfər zamanı imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə” Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd olub. Bu sənəd Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafını nümayiş etdirib”.

Deputat bildirib ki, Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşündə çıxışı zamanı cənab Prezident ölkələrimiz arasında münasibətlərin inkişafını xüsusi vurğulayıb: “Dövlətimizin başçısı qeyd edib ki, “tarixin müxtəlif məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verir.” Bəli, ötən illər ərzində Azərbaycan-Rusiya münasibətlərinin inkişafına çox ciddi təkan verən tarixdə dərin izlər qoyan mühüm hadisələr baş verib. Bu baxımdan 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannaməni xüsusilə qeyd etmək lazımdır. Bu Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni-müttəfiqlik səviyyəsinə qaldırıb. Qeyd edək ki, Moskva bəyannaməsinə uyğun olaraq ikitərəfli münasibətlərimizdə təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi istiqamətində atılan addımlar regionda sülh və əmin-amanlığın bərqərar olması baxımından olduqca önəmlidir”.

Tamam Cəfərova Azərbaycan və Rusiya arasında humanitar əlaqələrin yüksək səviyyədə olduğunu deyib: “Humanitar əlaqələr iki ölkə arasında münaisbətlərin inkişafında mühüm əhəmiyyət kəsb edir. Beləki, Hazırda Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil həyata keçirilir, 16 min Azərbaycan vətəndaşı olan tələbə rus dilində təhsil alır. Həmçinin 324 orta məktəbdə təhsil rus dilində aparılır. Bu, onilliklər ərzində xalqlarımızı birləşdirən bütün yaxşı cəhətlərin qorunmasında, dövlətlərarası münasibətlərin bünövrəsini təşkil edən dostluq əlaqələrinin güclənməsində və inkişafında mühüm əsaslardan birini təşkil edir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər