17 May 17:45
1 244
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucov, İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, apellyasiya şikayətləri qismən təmin edilib. Bəkir Orucova qarşı Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ittihamdan xaric edilib. Generalın cəzası 6 il 6 aya endirilib. Digər təqsirləndirilən İntiqam Məmmədov, Rahib Məmmədov, Ülvi Rəşidov və Ziya Kazımovun hər birinin cəzasından 4 ay azaldılıb.

Qeyd edək ki, 2023-cü ilin dekabrın 28-də Bakı Hərbi Məhkəməsinin hökmü ilə Bəkir Orucov 9 il 6 ay, İntiqam Məmmədov 6 il 6 ay, və Rahib Məmmədova 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Zamində olan Ülvi Rəşidov və Ziya Kazımovun hər birinə 9 il 6 ay cəza verilib. Ülvi Rəşidov və Ziya Kazımovun barəsində həbs qətimkan tədbiri seçilib. Onlar məhkəmə zalından həbs edilib.

Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər