Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə bağlı müzakirələr davam edir. Bakının qalıcı sülhlə bağlı haqlı tələbələri var ki, bu da Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları ilə bağlı olan müddəalardır. Gələcəkdə baş verəcək siyasi konyukturaya heç bir əsas yaratmadan Azərbaycana qarşı Ermənistan Konstitusiyasında və digər qanunvericilik aktlarında əksini tapmış ərazi iddiaları məsələsinə son qoyulmalıdır. Azərbaycan tərəfi bu məsələni gündəmə gətirdikdən sonra Ermənistan da özünün əsassız iddialarını ortaya qoymağa çalışır. Bu da Azərbaycan Konstitusiyasında yer alan müstəqil Azərbaycan Azərbaycan Xalq Cuhmuriyyətinin varisidir prinsipi ilə bağlıdır.
Mövzu ilə bağlı Teleqraf.com-a danışan Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Ermənistan tərəfindən səsələndirilən bu fikirlərin xoş niyyətli olmadığını söyləyib.
“Əgər gerçəkdən də Ermənistan tərəfi sülh istəyirsə, belə fikirlər səsləndirməməlidir. Çünki Azərbaycan Respublikasının Konstitusiyasında Ermənistana heç bir ərazi iddiası irəli sürülməyib”, - deyə o əlavə edib.
Professor bildirib ki, Azərbaycan Konstitusiyasında ümumiyyətlə bütün qonşularla münasibətlərə dair aydın, konkret mövqe var:
“Azərbaycan heç kimin daxili işlərinə qarışmır. Ermənistana qarşı da heç bir iddialar yoxdur. Ona görə də, Ermənistan tərəfindən söylənilən fikirlər heç bir əsasa malik deyil”.
Siyasi şərhi Asif Nərimanlı da hesab edir ki, Ermənistan Konstitusiyasında açıq şəkildə Azərbaycana qarşı ərazi iddiaları var:
“Azərbaycan Konstitusiyasında isə belə bir müddəa yoxdur. Ermənistan Konstutisiyasında isə qeyd edilir ki, müstəqillik bəyannaməsinin aktları yerinə yetirilməlidir. Müstəqillik bəyannaməsində isə Qarabağın Ermənistana birləşməsindən bəhs olunur. Bu açıq şəkildə ərazi iddiasıdır. Sadəcə olaraq erməni tərəfi Azərbaycanın bu tələbinə qarşı özlərinin absurd iddialarını irəli sürür. İddia edirlər ki, Azərbaycan Konstitusiyası da dəyişdirilməlidir”.
Asif Nərimanlı qarşı tərəfin iddia etdiyi məsələnin Müstəqillik Aktında müstəqil Azərbaycanın Azərbaycan Xalq Cumhuriyyətinin varisi olduğu qeydi ilə bağlı olduğunu bildirib:
“Erməni tərəfi də məhz bu amilə qarşı iddia qaldırır. Qorxuları da onunla bağlıdır ki, Azərbaycan AXC-nin varisidirsə, o dövrün tarixi ərazilərinə də iddialıdır. Amma burada ərazi iddiası deyil, siyasi varislikdən söhbət gedir. Onların məqsədi Azərbaycanın haqlı tələbinə qarşı əsassız bir iddia qaldırıb Bakının bu məsələdə geri çəkilməsinə nail olmaqdan ibarətdir. Sözsüz ki, Ermənistanın tələbi ilə Azərbaycan, Xalq Cumhuriyyətinin varisliyindən imtina edəsi deyil. Dünyada bununla bağlı kifayət qədər president var”.
Xatırladaq ki, 1988-ci il iyunun 14-də Ermənistan SSR Ali Soveti DQMV-nin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında qərar qəbul etdi. Azərbaycan SSR Ali Soveti buna etiraz olaraq iyunun 17-də DQMV-nin Azərbaycan SSR-in tərkibində olmasını yenidən təsdiq edib. Həmin ilin iyulun 18-də isə SSRİ Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan SSR-in və Ermənistan SSR-in milli-ərazi bölgüsünün dəyişdirilməsinin mümkün olmaması barədə qərar çıxardı. Bununla SSRİ Ali Soveti SSRİ Konstitusiyasında təsbit olunmuş müvafiq müddəanı rəhbər tutaraq respublikaların ərazi bütövlüyü prinsipini müdafiə edib.