8 İyun 19:36
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda türk dövlətləri və xalqları arasında münasibətlər dərinləşməkdədir. Azərbaycanın xarici siyasətində bu amil prioritet istiqamətdir. Bu siyasətin əsasını qoyan Ümummilli Liderimiz Heydər Əliyevin türk birliyinin güclənməsi istiqamətindəki xidmətləri danılmazdır. Hər il Türkdilli Dövlətlərin Zirvə Görüşünün keçirilməsi də məhz Ulu Öndərimizin təşəbbüsləri sırasında olub. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2003-cü ildən etibarən İlham Əliyevin dövlət başçısı kimi siyasətində türk dünyasının birliyinin gücləndrilməsi xüsusi yer tutur.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, hazırda türk dövlətləri və cəmiyyətləri arasında dostluq, qardaşlıq, əməkdaşlıq əlaqələrini inkişaf etdirmək üçün müxtəlif platformalar mövcuddur: “Parlamentlər arasında əlaqələrin inkişafı da diqqət mərkəzindədir və bu məqsədlə yaradılan TÜRKPA uğurla fəaliyyət göstərir. 5-6 iyun tarixlərdə Bakıda TÜRKPA-nın 13-cü plenar iclası çərçivəsində keçirilən tədbirlər bu baxımdan önəmlidir. Artıq TÜRKPA-ya sədrlik Azərbaycana keçib və ölkəmizin quruma uğurla sədrlik edəcəyi şübhəsizdir”.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev iyun 6-da TÜRKPA-nın 13-cü plenar iclasının iştirakçılarını qəbul edərkən mühüm mesajlar verib: “Dövlətimizin başçısı andiçmə mərasimində dediyi “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur” fikrini bir daha xatırladıb. Son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir. Cənab Prezident onu da qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olacaq. Zirvə görüşünün Şuşada keçirilməsi böyük rəmzi məna daşıyır. Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər ediblər. Azad edilmiş torpaqlarda qardaş türk ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlayıb. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonunda isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Türkiyə şirkətləri isə nəhəng yol-nəqliyyat infrastrukturunun bərpasında fəal iştirak edirlər. Dövlətimizin başçısı görüşdə 44 günlük müharibə zamanı Türkiyənin siyasi və mənəvi dəstəyini xüsusi vurğulayaraq deyib: “Türkiyə hər zaman Azərbaycanın yanında olub və İkinci Qarabağ müharibəsi başlayarkən cənab Prezident Rəcəb Tayyib Ərdoğanın çox açıq və dəqiq sözləri, - “Türkiyə Azərbaycanın yanındadır”, - bizə əlavə güc verdi. Bu siyasi və mənəvi dəstək bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil və Türkiyə 44 gün ərzində bizim yanımızda oldu. Hər gün həm Prezident, həm digər vəzifəli şəxslər açıqlamalar verərkən imkan yaratdı ki, biz bu haqlı davamızı Zəfərlə başa vuraq. Çünki siz də yaxşı bilirsiniz ki, 44 gün ərzində Azərbaycana müxtəlif güc mərkəzlərindən çox böyük təzyiqlər olmuşdu. Hətta bəzi ölkələr bizi hədələyirdilər və belə bir çətin durumda Türkiyənin birmənalı dəstəyi, yenə də deyirəm, bizə əlavə güc verdi, inam verdi və bu dəstəyə görə biz minnətdarıq. Bütün Azərbaycan xalqı bunu bilir və qiymətləndirir”. Cənab Prezident Cənubi Qafqazda mövcud vəziyyətə toxunub və qeyd edib ki, müəyyən məsələlər hələ açıq qalır: “Ermənistan-Azərbaycan prosesi ilə bağlı onu deyə bilərəm ki, biz hesab edirik, bir neçə açıq olan məsələ hələ də qalmaqdadır. Onlardan biri Ermənistanın Konstitusiyasıdır ki, orada Azərbaycana qarşı ərazi iddiaları var. İkincisi, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoyulmalıdır. Təbii ki, biz artıq bunu Ermənistan tərəfinə təklif etmişik ki, Azərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Minsk qrupuna heç bir ehtiyac yoxdur, o, indi fəaliyyət göstərmir. Biz onun fəaliyyət göstərməsinə de-fakto imkan verməyəcəyik. Qaldı ki, de-yure - hüquqi cəhətdən bu, ləğv edilsin və bu, Ermənistanın nə qədər səmimi olmasından xəbər verəcək. Əgər Ermənistan Minsk qrupunun saxlanmasına üstünlük versə, deməli, onların bizə qarşı ərazi iddiaları davam edir”.

“Ümumiyyətlə, türk birliyinin qlobal gücə çevrilməsi yolunda önəmli addımlar atılır. Bu hədəfin reallaşmasında isə Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna rolu var. Prezident İlham Əliyev ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək, təkcə Türkiyə ilə deyil, Orta Asiyanın türk dövlətləri ilə münasibətləri gücləndirmək xəttinə üstünlük verir. Dövlət başçısı türk xalqlarının oxşar milli irsinə, dəyərlərinə, mental xüsusiyyətlərinə həm də güclü ideoloji-siyasi amil kimi yanaşır. Ona görə də, bu gün Azərbaycan türk dövlətlərinin inteqrasiyası prosesinin sadəcə iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır. Azərbaycan türk dünyasının mənəvi və siyasi birliyinə nail olmaq, dünya qarşısına bütün cəhətlər üzrə daha üstün sivilizasiya ilə çıxmaq zərurətini diqqət mərkəzində saxlayır. Türk dövlətlərinin birliyi istiqamətində səylərin daha da intensivləşdirilməsi bu qənaəti bir daha gücləndirir”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər