11 İyun 09:05
1 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Arzuman Abdulkərimov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Keşiş Baqrat Qalstanyan növbəti dəfə Ermənistan hakimiyyətinə qarşı “həlledici mübarizə”yə başladıqlarını bəyan edib. Baqrat deyir ki, indi əsas hədəf Baş nazir Nikol Paşinyanın impiçmentinə nail olmaqdır. Parlament müxalifətinin, ümumiyyətlə, müxalifətin buna nail olmaq üçün imkanları nə qədərdir?

- Hərəkatın başlanğıcından bəri xronologiyaya baxdıqda görürük ki, mütəşəkkillik və kütləvilik xeyli azalıb. Amma müxalifət indi də oturaq aksiyaya keçib, küçələrdə çadırlar qurublar. Yəni Gürcüstan və Ukraynada olduğu kimi, klassik üsula əl atıblar. İndi hər şey Baqratın kənardan onu dəstəkləyənlərdən nə qədər dəstək alacağından asılı olacaq.

Paşinyan baş verənlərin fonunda rahat görünür. Bölgələrə səfərlər edir, sakinlərlər görüşür, söhbətləşir, sanki revanşistləri vecinə almırmış təsiri bağışlayır. İstənilən halda, bir narahatlıq var.

İmpiçmentə gəlincə, parlamentdə mütləq çoxluq Paşinyanın tərəfindədir. Parlament müxalifətinin impiçment prosesini başlatmaq üçün səsi çatmır. Buna görə də, impiçmentin olacağını düşünmürəm. Rusiya da son dövrlərdə Paşinyana loyal münasibət sərgiləməyə başlayıb. Belə bir durumda Paşinyanın devriləcəyi və ya impiçment ediləcəyini pronozlaşdırmaq çətindir.

Amma istənilən halda, belə hərəkatları proqnozlaşdırmaq olmur. Bir də görürsən, belə durumda spontan halda bir kütləvilik yaranır. Revanşistlərin cəmiyyət arasında o qədər nüfuzları və hörmətləri qalmayıb, amma yenə də Paşinyan müharibədə uduzmuş liderdir. Ola bilsin, nə vaxtsa bu yöndən Paşinyana daxili təzyiqlər artsın. Amma bunun indi baş verəcəyini demək çətindir. Hələlik baş verənlər bu yöndə deyil.

- Həm müxalifət, həm də cəmiyyətdən Baqrata münsibət birmənalı deyil. Müxalif düşərgədə parçalanma yaradan əsas məqamlardan biri onun həm din adamı, həm də ikili vətəndaşlığa malik olmasıdır. Bunu nəzərə alan revanşistlər və havadarları Baqratı “birləşdirici fiqur”la dəyişmək qərarına gələ bilərlərmi?

- Mümkündür, amma inanmıram ki, bu yükü keçmiş hakimiyyətlərin liderlərindən biri üzərinə götürə bilər. Onlar da bu məsələyə ehtiyatla yanaşırlar. İndiki hərəkatın arxasında Robert Köçəryanın dayandığı iddia edilir. Amma Baqratın da ikili vətəndaşlıq və din xadimi olması kimi problemləri var. Mümkündür ki, Baqrat gələcəkdə dini lider olsun, amma siyasi fiqur kimi inanmıram. Bu baxımdan, parlament müxalifətinin deputatlarından birinin önə çəkilməsi mümkün ola bilər. Bu da revanşistlərin – keçmiş hakimiyyətlərin cızacaqları plan olacaq.

Rusiyanın da müəyyən hərbi-siyasi dairələri revanşistləri dəstəkləyirlər. Revanşistlər həmin dairələrə çox bağlıdırlar. Amma bizim də Ermənistanda baş verənlərlə bağlı bəyanatlarımız var. Azərbaycan dəfələrlə dövlət başçısı səviyyədində revanşistlərin hakimiyyətə gəlməsinə loyal davranmayacağını diqqətə çatdırıb. Revanşistlərin hakimiyyətə gəlməsi mexaniki olaraq, sülh danışıqlarının pozulmasına gətirib çıxaracaq.

Biz belə bir durumda revanşistlərdən ölkəmizə qarşı yeni təhdidlərin olacağını düşüncəsindəyik. Buna görə də, həmin durumda loyal davranmayacağıq. Belə bir təhdid yaranacaqsa, o zaman sərhədləri ordu müəyyən edəcək.

Ermənistan siyasətçiləri ağıllarını başlarına toplamalıdırlar. Xüsusən də Nikol Paşinyan hökuməti özündə güc tapıb qısa zamanda sülh müqaviləsini imzalamalıdır. Düzdür, İrəvan bəyan edib ki, müqaviləni bir aya imzalaya bilərlər, amma Bakının şərtləri var. Bu da Ermənistan konstitusiyasının dəyişdirilməsi və Azərbaycana qarşı ərazi iddialarından imtina ilə bağlıdır. Ermənistan konstitusiya dəyişikliyi ilə bağlı qərar versə, Azərbaycan da bu məsələlərə soyuqqanlı yanaşar və gözləyər ki, konstitusiya dəyişikliyi baş versin, sülh müqaviləsi imzalansın və delimitasiya-demarkasiya prosesi davam eləsin.

- Revanşistləri anladıq, bəs Nikol Paşinyan və komandasının özü sülh və bu prosesi məntiqi sonluğa çatdırmaqda qərarlıdırmı?

- İstəyir Paşinyan olsun, istəyir qeyri-Paşinyan – Ermənistanda heç kimin nəyi istəyib-istəməmək kimi bir lüksləri qalmayıb. Çünki Ermənistan məğlub olub və kapitulyasiya aktına qol çəkib. Ermənistan Azərbaycan tərəfindən hərbi cəhətdən diz çökdürülüb. Ermənistan iqtisadiyyatı da yaxşı durumda deyil, 70 faizdən çoxu Rusiyaya bağlıdır. Bu vəziyyət onları komfort durumundan çıxarıb. Ermənilərin nə istəyib-istəməməsindən asılı olmayaraq, sülh müqaviləsi imzalanacaq.

Sülh müqaviləsini imzalamayacaqlarsa, bundan ən çox itirən Ermənistan olacaq. Əgər sazişi bizim şərtlərimiz daxilində imzalayacaqlarsa, bundan ən çox qazanan yenə Ermənistan olacaq. Sülh müqaviləsinin imzalanmaması təkcə Azərbaycan və Ermənistan arasında yox, bütün Güney Qafqazda gərginliyi artırır. Güney Qafqazda sülh və sabitlik bu müqavilədən asılıdır.

Azərbaycan Güney Qafqazın lider dövlətidir, burda sülhün təminatçısı da bizik, burada bütün məsələlər bizdən soruşulur. Bizim həm iqtisadi, həm də hərbi gücümüz var. Bu, sadəcə söz deyil. Başqa sözlə, sülh müqaviləsindən daha çox qazanan Ermənistan olacaq. Yox, Paşinyan hökuməti bu məsələ üzərindən manevrlər etmək və öz siyasi məqsədlərinə nail olmaq istəyirsə, bu, həm onun, həm də Ermənistanın ziyanına olacaq. Bütün hallarda isə onların nə istəyib-istəmələri bizim üçün maraqlı deyil. Proses gec-tez lazımi nöqtəyə çatmalıdır. Paşinyan bunu nə qədər uzatsa, öz ziyanına olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər