Prezident İlham Əliyev TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarını qəbulu zamanı çıxışında olduqca vacib məsələlərə toxunub. Sözsüz ki, TÜRKPA-nın plenar iclasları Türk dünyasının birliyinin təzahürü hesab edilir. Bu öz-özlüyündə Türk dünyasının birləşməsi istiqamətində ölkələrimizin böyük təşəbbüslərinin və ortaya qoyulan mövqenin ifadəsidir. Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələr əsas hədəf kimi götürülüb. Məhz cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur” devizi ölkələrimizin birliyinin daha da güclənməsinə xidmət edir. Son dövrlər Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər və əldə edilən müsbət nəticələr bunun təzahürüdür. Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi olduqca böyük tarixi əhəmiyyətə malikdir.
Bunu Teleqraf.com-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor hesab edir ki, Türk Dünyası ilə davamlı təmaslar birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addımdır. Şuşada təşkil olunacaq qeyri-rəsmi Zirvə görüşünün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Bu xüsusda Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. Təbii ki, indiki şəraitdə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. İqlim məsələləri də bu gün Azərbaycanın gündəliyində duran əsas vəzifələrdən biridir. Azərbaycan bu il COP29 konfransına ev sahibliyi edəcək. Bu, ölkəmiz üçün həm də böyük məsuliyyətdir. Ölkəmizin başçısının da qeyd etdiyi kimi TDT-nin qeyri-rəsmi Zirvə görüşünün Şuşada keçirilməsi böyük rəmzi məna kəsb etməklə yanaşı, mühüm mesajları özündə ehtiva etmiş olur. Erməni işğalından azad edilən 4 ilə yaxın müddətdə tarixi Şuşa şəhərində sürətlə quruculuq və bərpa işləri həyata keçirilir. Ermənistanın işğaldan azad edilən digər bölgələrimiz kimi Şuşada quruculuq-bərpa işləri böyük vüsət alıb. Şuşa bu gün tək Azərbaycanın deyil, bütövlükdə türk dünyasının mədəniyyət paytaxı statusundadır. Artıq azadlığına qovuşmuş tarixi Şuşa şəhəri bir çox qonaqları qarşılayıb. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərləri baş tutub. Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan prezidentlərinin Şuşaya, Ağdama və Füzuliyə səfər edib. Azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlayıb. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək”.
Eldar Quliyev bildirib ki, bu gün azad edilmiş torpaqlarımızda geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər: “Horadiz-Ağbənd dəmir yolunun podratçısı da məhz qardaş Türkiyə şirkətləridir ki, onlar bu torpaqlara yenidən həyatın canlanması çalışırlar. Cənab Prezidentin də qeyd etdiyi kimi bu gün azad edilmiş bütün tarixi torpaqlarımızda geniş quruculuq, abadlıq işləri aparılır: “Görülən bu işlər nəticəsində Qarabağ, Şərqi Zəngəzur dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək. Artıq azad edilmiş torpaqlarda həyat bərpa olunur. 4 şəhər və 4 kənd bərpa edilib və keçmiş köçkünlər oraya qayıdıb. Yeddi mindən çox keçmiş köçkün artıq öz dədə-baba torpaqlarında yaşayır və bu ilin sonuna qədər bu rəqəm ən azı 20 minə çatacaq. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın özünün gücü, qardaş türk dövlətlərinin dəstəyi ilə bölgədə yeni bir reallıq formalaşır. Bu birlik türk dünyasının daha da güclənməsini təşviq edir”.