Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Ermənistan Baş naziri Nikol Paşinyan sülh müqaviləsini bir aya imzalamağa hazır olduğunu bəyan etsə də, bundan bir neçə saat sonra Naxçıvanda mövqelərimiz atəşə tutuldu. Bir-birinə zidd olan bu iki məqamın izahı nədir?
- İlk dəfə deyil ki, ermənilər belə bir addım atırlar. Məqsədləri var. Qars müqaviləsinə görə, Naxçıvan Türkiyənin himayəsindədir. Bu, Ermənistandakı iranmeylli qüvvələrin işidir. Ermənistan rəhbərliyini bunu istəməz, Türkiyənin də, Azərbaycanın da gücünü bilir. Amma İranda prezident seçkisinə hazırlaşan mühafizəkarlar Azərbaycanla bağlı bütün məqamların, eləcə də qayıdış layihəsinin əleyhinə çıxırlar. Atılan addımın arxasında da ermənilərdən çox farsların maraqları durur. Amma atəşkəsin pozulması müvəqqəti xarakter daşıyır.
Həm Paşinyan, həm də Mirzoyan bəyan elədi ki, qarşıdakı bir ay ərzində Azərbaycanla sülh müqaviləsini imzalaya bilərlər. Buna görə də, belə təxribatlar gözlənilən idi. Təəssüf ki, yenə də oldu, ermənilər öz xislətlərinə sadiq qaldılar. Bu də müvəqqətidir. Ermənilər də, onun havadarları da yaxşı anlayırlar ki, Naxçıvana qarşı təxribat təkcə Azərbaycan yox, həm də Türkiyəyə qarşı təxribatdır. Belə addımların cavabı çox ağır ola bilər.
İranın – molla rejiminin də əsas məqsədi odur ki, aranı qarışdırsınlar. Amma alınmayacaq, artıq bundan keçib. Narahat olmağa dəyməz, gücümüz də, ordumuz da yerindədir.
- Ermənistanda davam edən etiraz aksiyaları artıq toqquşma ilə müşayiət olunur. Baş verənlər Ermənistanı hara aparır?
- Əslində, bu revanşist hərəkatın sonudur. Hərəkata rəhbərlik edən Baqrat Qalstanyan Kanada vətəndaşıdır. O, Ermənistanı sifarişlər qarışdırır. Paşinyan da özünə çox arxayındır, bilir ki, qarşı tərəf ondan zəifdir və istədiyi vaxt istədiyini həyata keçirmək iqtidarındadır.
Ermənistanda baş verənlərə sadə yanaşmaq lazımdır. Ermənistanda hakimiyyəti devirmək üçün bir ssenarinin sınaqları keçirilir, amma alınmadı. Gürcüstanda da bunu etməyə çalışırlar. Görünən budur ki, proseslər idarəolunan müstəviyə keçəcək, bununla da məsələ bitəcək. Hay-küy artıq sönməyə doğru gedir, Paşinyan da hakimiyyətdə qalacaq.
- Vəziyyətin gərgin olduğu vaxtda Paşinyan bildirdi ki, növbəti addımları KTMT-dən çıxmaq olacaq. Belə bir gəlişmə nə qədər mümkündür?
- Beynəlxalq hüquqa görə, bir dövlət hansısa müqavilədən çıxmaq üçün bunu altı ay əvvəldən bəyan etməlidir. Hazırda Ermənistan bunu həyata keçirir. İnanmıram ki, kimsə buna mane ola biləcək. Ermənistan ilin sonunadək KTMT-dən tam çıxacaq. Qarşısını ala bilməyəcəklər. Ermənistan təkcə KTMT yox, Avrasiya İqtisadi Birliyi və MDB-dən də çıxacaq. Artıq hazırlıq gedir. Paşinyanın çox yaxşı müəllimləri var, o, xaricdən çox yaxşı idarə olunur.
- Nikol Paşinyan söylədi ki, sülh müqaviləsi imzalanmamış nəqliyyat yolları və ya dəhlizləri açıla bilər. Bu ehtimal nə qədər mümkündür?
- Ermənistan əsasən Türkiyə ilə kommunikasiyaların açılmasını istəyir, Türkiyə də tələsmir. Ermənistan təkcə Türkiyə yox, Azərbaycanla da yolların açılmasında maraqlıdır. Hələlik İrana görə Zəngəzur dəhlizini bəyan eləmirlər, amma bunu istəyirlər. Çünki bu, Ermənistana böyük gəlirlər qazandıracaq. Kommunikasiyalar açılsa, Ermənistan təkcə bundan ildə 1 milyard dollar civarında qazanc əldə edəcək. Bu, Ermənistan üçün böyük rəqəmdir. İran da bunu istəmir. İrəvanda da başa düşürlər ki, İran onları sevdiyinə görə yox, öz iqtisadi maraqlarına görə Ermənistan-Azərbaycan münasibətlərinin düzəlməsini istəmir.
- Son dövrlərdə Türkiyə və ABŞ-nin sülh prosesi ilə bağlı sinxron fəaliyyətini görürük, xarici işlər nazirləri Hakan Fidan və Entoni Blinken tez-tez sülh sazişini müzakirə edirlər. Bu iki ölkənin fəallığı nə ilə izah olunur?
- Türkiyə həmişə Amerika ilə birgə oynayıb. Bəzən maraqlar toqquşanda Türkiyə öz maraqlarından çıxış edir və Amerikaya qarşı çıxır. Amma bölgədə sabitliyin təmin edilməsi Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasından keçir. ABŞ və Türkiyənin bu məsələdə birgə fəaliyyəti əsasən Rusiya ilə əlaqəlidir. Hər ikisi Cənubi Qafqazda Rusiyanın maraqlarına uyğun düzənin formalaşmasını istəmir. Xüsusən də Amerika Rusiyanın Cənubi Qafqazda olmasını qəbul edə bilmir. Buna görə də, çalışırlar ki, bağlanacaq sülh müqaviləsi daha çox Türkiyə və ABŞ ilə əlaqələndirilsin, Rusiya ilə yox.