İranda prezident seçkisinə bir neçə gün qalıb. Müxtəlif rəy sorğuları və müşahidələrə görə, rəqabət əsasən üç namizəd - Milli Təhlükəsizlik Şurasının keçmiş baş katibi Səid Cəlili, Təbrizin millət vəkili, sabiq səhiyyə naziri Məsud Pezeşkiyan və parlamentin sədri Məhəmməd Baqir Qalibaf arasında gedəcək. İran konstitusiyasına görə, Prezidentin elə böyük səlahiyyətləri yoxdur, əsas söz sahibi ali dini liderdir, onun istəyi əleyhinə siyasət yürütmək və qərar vermək mümkün deyil.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, buna baxmayaraq, indiki halda İranda prezidentin kim olacağına diqqət artıb:
“Bu, ali dini liderin (Əli Xameneyi) yaşlı və xəstə olması, o cümlədən İran iqtisadiyyatının artan problemləri ilə bağlıdır.
İranda (Güney Azərbaycan) yaşayan soydaşlarımız arasında da prezident seçkisi ilə bağlı maraqlı polemika gedir. Güneydəki bir qrup fəal soydaşımız hesab edir ki, seçkiləri əvvəllər olduğu kimi, boykot etmək lazımdır, çünki İranda prezidentin islahatçı olması belə heç nəyi dəyişməyəcək, verilən vədlər yerinə yetirilməyəcək.
İkinci qrup soydaşımız isə əksinə, azərbaycanlı namizəd Məsud Pezeşkiyana dəstək verilməsini lazım bilir. Onların arqumenti belədir ki, 17 ildir Təbrizin millət vəkili olan Pezeşkiyan bölgə, o cümlədən azərbaycanlıların problemlərinə yaxından bələddir, vaxtilə İran parlamentində Türk fraksiyasının üzvü olub, çıxışlarında İranın xarici siyasətini kəskin tənqid edib. O, heç bir ölkənin daxili işlərinə müdaxilə edilməməsinin vacibliyini vurğulayıb.
Pezeşkiyanın sözlərinə görə, vəziyyət elə bir yerə çatıb ki, hər hansı bir hadisə baş verəndə digər ölkələr İranın onların daxili işlərinə müdaxiləsini hiss edirlər: “Hamı ilə dava-dalaşdayıq, heç bir ölkəyə müdaxilə etməməliyik. Amma istər-istəməz elə hadisələr baş verir ki, digər ölkələr bizim müdaxilə etdiyimizi hiss edirlər, bu, qonşu ölkələrin bizə olan düşüncələridir”.
Prezidentliyə namizədin fikrincə, ölkədə problemlər vaxtında həll edilmədiyi üçün üst-üstə yığılır, sonra bunları həll etmək daha da çətinləşir. Buna görə də ölkə inkişaf edə bilmir.
Bu çıxış Məsud Pezeşkiyanın azərbaycanlılar üçün nəsə etməyə çalışa biləcəyinin işarəsidirmi? Hər halda Pezeşkiyan azərbaycanlıların səsi hesabına qələbə qazanarsa, soydaşlarımız qarşısında məsuliyyəti artacaq. Sınamağa dəyər”.