Ermənistan Baş naziri Nikol Paşinyanın başı velosiped sürməyə qarışarkən, bütün dünyanın diqqət mərkəzində olan Orta dəhliz Azərbaycan üzərindən işə düşür.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.
Nəşr bildirir ki, Azərbaycan regionda baş verən ciddi nəqliyyat dəyişikliyində qovşağa çevrilərkən, Ermənistan bu gəlişmələrdən kənarda qalır:
“Artıq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz) ilə Çindən Türkiyəyə 110 konteyner məişət texnikası və zəruri malların yükləndiyi ilk yük qatarı yola salınıb. Qatar Çinin Szyansu əyalətindən yola düşüb və Orta Asiya-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə İstanbula çatmalıdır. Qeyd edək ki, hazırda Çindən Avropaya yük daşımaları Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Qara dəniz ölkələrindən keçən bir neçə marşrutla həyata keçirilir”.
Məqalədə qeyd olunur ki, beynəlxalq nəqliyyat dəhlizinin vazkeçilməz hissəsinə çevrilən Azərbaycan bununla regionda öz mövqelərini daha da möhkəmləndirir:
“Analoji olaraq, Gürcüstan da yeni limanın tikintisini Çinə həvalə edərək, Pekinlə daha sıx əməkdaşlığa can atır. Azərbaycana gəlincə, Çinlə Orta dəhlizlə bağlı memorandum imzalayıb. Tərəflər həmçinin həmin marşruta yeni yük axınlarının cəlb edilməsi, iki ölkə arasında əlaqələrin inkişaf perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər. Söhbət Çinin Azərbaycan üzərindən tranzit yükdaşımalarına subsidiya verməsindən gedə bilər. Üstəlik, dünən Astanada Şanxay Əməkdaşlıq Təşkilatının zirvəsində Çin sədri Si Cinpin bununla bağlı bir sıra bəyanatlar verib, Transxəzər marşrutunun önəminə diqqət çəkib”.
Erməni nəşri vurğulayır ki, bu xətt hamıya sərfəli görünsə də, bundan ilk növbədə Türkiyə, Azərbaycan, Orta Asiyanın türk ölkələri faydalanacaq:
“Konkret olaraq Orta dəhliz Türkiyə və Azərbaycanın adıçəkilən ölkələrlə birləşməsi, sadə dillə desək, Böyük Turan layihəsi üçün yerlərdə çox mühüm bazanın yaradılması baxımından yaxşı fürsətdir. Burada maraqlı olan odur ki, maliyyə, iqtisadi və yük təminatı baxımından bu layihənin əsas hərəkətverici qüvvəsi Çinin özüdür. Digər yandan, Çin üçün həmin marşrut Mərkəzi Asiya, Qafqaz, Qara dənizə və bu çərçivədə ABŞ-nin nəzarətindən kənara çıxışdır.
Teleqram kanallarından biri yazır: “Orta dəhliz Ermənistandan da keçə bilər, amma bunun üçün Zəngəzur dəhlizi proqramı həyata keçirilməlidir. Bakı və Ankara Ermənistanla sərhədlərin açılmasını bu şərtlərlə əlaqələndirir: Ermənistan konstitusiyasının dəyişdirilməsi, Zəngəzur dəhlizinin açılması, anklavların Azərbaycana qaytarılması və sair”.