Qazaxın anklav olmayan kəndlərinin təhvil verilməsindən sonra artıq yerlərdə dəqiqləşmələr aparılır. Bu günlərdə də bəzi dəqiqləşmələr olub. Nəticədə Azərbaycan özünün qanuni sərhədlərini konkretləşdirir və orada öz bayrağını ucaldır. Ermənilər isə 80-ci illərin sonu 90-cı illərin əvvələrindən Azərbaycan bayrağını görməyə öyrəşməyiblər. Artıq yeni reallıqda isə onlar buna öyrəşməlidir. Azərbaycan öz ərazilərini geri qaytarıb. Ölkəmizin Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti sərhəddə və digər ərazilərdə üzərinə düşən işləri görür. Ona görə də, ermənilər bundan sonra hələ Azərbaycan bayrağını çox görməli olacaq.
Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
O qeyd edib ki, erməni tərəfi nəhayət reallığı başa düşməlidir:
“Ermənilər bayrağımızı, himnimizi, insanlarımızın yaşam tərzini görməyə məhkumdur. 30 il Azərbaycan torpaqlarını havadarlarının köməyi ilə işğalda saxlayan Ermənistanda nəyin baş verməsi zərrə qədər də maraqlı deyil. Azərbaycan öz sərhədlərinin dəqiqləşdirilməsi işini aparır. Artıq sərhədlərimizdə tikanlı məftillər çəkilib. Erməni tərəfi nədənsə xoflanaraq sərhəddə beton arakəsmələrdən istifadə edərək sərhədi təyin edir”.
Polkovnik Ermənistana bu günlərdə bəzi ölkələrin silah-sursat göndərməsi ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib:
“Hindistan öz silahları üçün yeni bir alıcı tapıb. Adını özləri çəkməsələr də bu Ermənistandır. Hindistandan Ermənistana snayper tüfəngləri satmaq haqqında razılıq əldə edilib. Sözsüz ki, Hindistan tərəfi gəlir əldə etmək üçün Ermənistana silah satır”.
Üzeyir Cəfərova görə, bu günlərdə Azərbaycanla qardaş Pakistan arasında bir çox sahələrdə olduğu kimi hərbi-müdafiə sahəsində əldə edilən razılaşmalar da hər iki tərəfi ciddi şəkildə narahat edib:
“Ona görə də, Hindistanın daha ucuz şəkildə Ermənistana silah satmaq ehtimalı da böyükdür. Hindistanın Pakistana olan birmənalı münasibəti fonunda bu heç də təəccüblü deyil”.