17 İyul 12:25
1 204
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq VII çağırış parlament seçkilərinə gedilir. Bu, ərazi bütövlüyümüz, suverenliyimizin tam olaraq bərpa edildiyi dövrdə keçirilən ilk parlament seçkisi olacaq. Eyni zamanda bu, qaliblərin seçkisidir. Azərbaycan xalqı da bu qalibiyyəti təmin etmiş Müzəffər Ali Baş Komandanın sədrlik etdiyi Yeni Azərbaycan Partiyasına öz dəstəyini verəcək.

Bunu Teleqraf.com-a Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.

O qeyd edib ki, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakla bağlı YAP artıq öz qərarını verib: “YAP İdarə Heyəti öz namizədlərini bütün ölkə üzrə dairələrdən irəli sürdü. Amma bu fikir də var ki, bəzi dairələrdə nüfuzlu, bitərəf şəxslər də dəstəklənəcək. YAP-ın namizədlərinin içərisində yeni simalar var. Eyni zamanda vaxtilə parlamentdə olmuş YAP veteranları da siyahıda yer alıb. Həmçinin parlamentdə yoluna davam edəcək YAP üzvləri də mövcuddur”.

Musa Quliyev hesab edir ki, həmişə olduğu kimi bu seçkilərdə də YAP xalqımızın dəstəyini qazanacaq: “Beləliklə, parlamentdə partiya olaraq öz çoxluğunu təşkil edəcək. Bununla da yeni formalaşan VII çağırış parlament bütöv, qüdrətli, suverenliyi tam təmin olunmuş müstəqil, qalib Azərbaycanın qanunverici orqanı olaraq şərəflə fəaliyyət göstərəcək. Qanun yaradıcılığı prosesi, ölkəmizdəki ictimai-siyasi hadisələrə fəal-çevik münasibət, cənab Prezident İlham Əliyevin apardığı xarici siyasətin parlament platformasında dəstəklənməsi istiqamətində yeni formalaşacaq Milli Məclis daha fəal olacaq”.

Komitə sədri YAP-ın namizədləri siyahısında kimlərin yer alıb-almaması məsələsinə də toxunub: “Siyahıda hamının adını yadda saxlamaq olmur. Vasif Talıbovla, İsa Həbibəylinin adı yadımda qalmışdı ki, onlar siyahıda yer almamışdı. Eyni zamanda veteran YAP-çıların adı yenidən siyahıya daxil edilib. Əli Əhmədov, Səyyad Aran, Mübariz Qurbanlı, Eyvaz Qurbanovun adı namizədlər siyahısındadır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər