Yeni Azərbaycan Partiyası (YAP) 1 sentyabr tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində Azərbaycan Texniki Universitetinin (AzTU) kafedra müdirininin namizədliyini irəli sürüb.
Teleqraf.com xəbər verir ki, AzTU-nun Humanitar fənlər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Həbib Mirzəyev 16 saylı Yasamal ikinci seçki dairəsində YAP-ı təmsil edəcək.
Qeyd edək ki, altıncı çağırış Milli Məclisdə 16 saylı Yasamal ikinci seçki dairəsindən deputat ReAl Partiyasının üzvü Erkin Qədirli idi. O, budəfəki seçkilərdə də həmin dairədən namizədliyini irəli sürüb.
1961-ci il təvəllüdlü Həbib Mirzəyev əslən Yardımlı rayonundandır.
1991-1996-cı illərdə Azərbaycan Texniki Universitetinin Azərbaycan dili və pedaqogika kafedrasında laborant, baş laborant vəzifələrində işləyib. 1996-cı ildə kafedranın müəllimi, 2003-cü ildə isə baş müəllimi işləyib. 2005-ci ildən kafedranın dosentidir. 2005-2011-ci illərdə Əcnəbi vətəndaşların təhsili üzrə dekan müavini vəzifəsində çalışıb. 2011-ci ildən 2021-ci ilin fevralına qədər Azərbaycan dili və pedaqogika kafedrasına rəhbərlik edib.
2021-ci ilin fevral ayında AzTU-nun Elmi şuarasının qərarı ilə Azərbaycan dili və pedaqogika kafedrası ilə İctimai fənlər kafedrası birləşdirilərək onların bazasında Humanitar fənlər kafedrası yaradılıb və Həbib Mirzəyev həmin kafedranın müdiri vəzifəsinə təyin edilib.
2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2021-ci ilin oktyabr ayından etibarən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı “Hüseyn Cavid 25” (AzTU üzrə) ərazi partiya təşkilatının sədridir. Ailəlidir, 2 övladı var.