Bu ilin əvvəlində keçirilmiş növbədənkənar prezident seçkisində iddiasını ortaya qoyan daha bir deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri müavini, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev 36 saylı Xətai-Suraxanı Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb.
Partiya sədrinin namizəd olduğu dairəyə sənədlər təqdim edilib.
Bundan sonrakı mərhələdə sənədlərlə tanışlığın ardınca imza vərəqələri veriləcək. Q.Həsənquliyev onu da deyib ki, ƏHD-nin İdarə Heyətinin iclası keçirilib və 20 dairədən partiyanın namizədləri müəyyənləşdirilib.
Mövzu ilə əlaqədar Qüdrət Həsənquliyev “Yeni Müsavat”a bildirdi ki, namizədlər müəyyənləşdirilərkən əsas ağırlıq paytaxtdakı seçki dairələrinə verilib:
- Rəsmi qərarımız olmasa da, partiya rəhbərliyində təmsil olunan şəxslərin ümumi bir fikri var idi ki, təqribən 40 nəfər namizədlə çıxış edək. Hətta ilkin olaraq namizədliyini irəli sürmək istəyən 40 nəfərin sənədləri də hazırlanmışdı. Amma İdarə Heyətinin iclasında ciddi müzakirələrdən sonra bu qərara gəldik ki, namizədlərin sayını iki dəfə azaldaq. Bu, imkan verəcək ki, partiya digər namizədlər üçün daha çox maliyyə vəsaiti ayıra bilsin. Bütün resurslarımızı səfərbər edək ki, parlamentdə yerlərimizin sayını artıraq. Biz bilirik ki, ödənişsiz efir vaxtı üçün 60-dan artıq dairədə namizədin qeydə alınması tələb olunur. Efir vaxtı almaq üçün resursları bu qədər dağıtmağı da məqsədəuyğun hesab eləmədik. Ona görə növbəti müzakirələrdən sonra 40 deyil, 20 namizədin üzərində dayandıq. Hesab edirik ki, onların hər birinin öz dairəsində seçkiləri udmaq imkanları var. Düzdür, bu, həm də o dairələrdən hakim partiyanın irəli sürəcəyi namizədlərin kimliyindən asılı olacaq.
- Qüdrət bəy, bunun üçün bir az da səbir etmək, YAP-ın İdarə Heyətinin iclasını və hakim partiyanın namizədlər siyahısını gözləmək olmazdımı?
- Biz çox da gözləyə bilmirik. (Müsahibə YAP İdarə Heyətinin iclasından əvvəl götürülüb və onadək namizədlərin siyahısı açıqlanmamışdı-E.P.) Ona görə ki, hakim partiyaya bir neçə gün kifayətdir ki, imzaları toplayıb, təqdim eləsin. 450 imza tələb olunur, azı 50 imza da artıq toplamalısan. Bunun üçün bizə vaxt lazımdır. Zaman baxımından biz artıq YAP-ın siyahısını gözləyə bilmədik. Ona görə də öz namizədlərimizin irəli sürülməsi istiqamətində qərar qəbul elədik. Buna baxmayaraq, İdarə Heyətində belə bir qərar qəbul olundu ki, rayon təşkilatlarımızın olduğu bütün dairələrdə biz müşahidəçilər irəli sürək, partiya üzvləri seçkini müşahidə etmək üçün prosesdə aktiv iştirak etsinlər. Təqribən 5 min 200 nəfər müşahidəçi 110-dan artıq dairədə seçkiləri müşahidə edəcək. Biz prezident seçkisində də müşahidələr vermişdik. Bu dəfə də istəyirik ki, partiya üzvləri maksimum sayda seçki prosesinə qatılsınlar və seçkidə iştirak etsinlər. Biz digər dairələrdə isə çalışacağıq ki, həm bitərəflərin - o şəxsləri ki, parlamentdə görmək istəyirik və o dairələrdən öz namizədimiz yoxdur - namizədliyini, yaxud başqa partiyaların namizədlərini dəstəkləyəcəyik. Bütün gücümüzü səfərbər edəcəyik ki, başqa partiyalardan daha çox iddiaçı parlamentə düşə bilsin, nəticədə parlamentdə deputat fraksiyasının yaradılması mümkün olsun. Bu baxımdan xalq hərəkatında olmuş, özünün siyasi hazırlığı, qərəzsiz mövqeyi ilə seçilən şəxslərdən söhbət gedir. Başqa partiyanın üzvüdürsə, deməli, bizim bir çox məsələlərdə fərqli baxışlarımız var. Amma hər halda, ümumi mənafelər naminə biz onları seçkilərdə dəstəkləyəcəyik.
- Qüdrət bəy, sizin namizədliyinizi irəli sürdüyünüz dairədən başqa tanınmış iddiaçılar varmı?
- Vallah, mən oradan tanınmış şəxslərdən kiminsə namizəd olub-olmadığını bilmirəm, hələlik dəqiq məlumatım yoxdur ki, oradan kimlər namizədliyini irəli sürür. Ümumiyyətlə, çox istəyərdim ki, YAP 36 saylı Xətai-Suraxanı Seçki Dairəsindən namizəd irəli sürməsin. Biz YAP-a müraciət də eləmişdik, təşəbbüslə çıxış etmişdik ki, 83-dən artıq dairədən namizədlər irəli sürməsin, bununla da digər partiya nümayəndələrinin parlamentə düşmək imkanı olsun. Açıq söyləyək, YAP-ın 800 minə yaxın üzvü var, az qala 1 milyona yaxın üzvdən söhbət gedir, maliyyə, inzibati resursları var. Üstəgəl, YAP xalqımızın qarşısında duran tarixi bir problemi həll edib. Qarabağ nəinki işğaldan azad edilib, həm də birdəfəlik erməni separatizminə son qoyulub. Artıq Ermənistanla dinc, yanaşı yaşaya bilməyimiz üçün imkan yaradılıb. Yəni elə bir vəziyyət yaradılıb ki, böyük güclər etnik məsələdən qarşıdurma yaratmaq üçün istifadə edə bilməsinlər, bizim aramızda etnik düşmənçiliyə, nəhayət, son qoyulması üçün şərait formalaşdırılıb. Bütün bu məsələləri hakim partiya, sözsüz ki, Prezidentin liderliyi ilə, cərrahiyyə yolu ilə çözüb. Bu da çox önəmli, vacib faktordur. O baxımdan YAP-ın cidd-cəhdlə müdafiə etdiyi namizədləri udmaq doğrudan da çox çətin məsələdir. Bizim təşəbbüsümüz də buradan qaynaqlanırdı. Biz YAP-ın qiymətini veririk, amma deyirik ki, parlamentdə fraksiyalar olmalıdır, başqa siyasi qüvvələr təmsil olunmalıdır, ölkədə çoxpartiyalılığın inkişafına təkan vermək üçün... Hikmət Babaoğlu bizim partiyaya cavab vermişdi ki, istəyirlərsə çox üzvləri olsun, yaxşı çalışsınlar, camaatla yaxşı işləsinlər. Əlbəttə, onun dediyində həqiqət var, partiyalar əhali ilə yaxşı işləməyə çalışmalıdır. Amma iqtidarın da, hakim partiyanın da borcudur ki, elə islahatlar aparsın, qərarlar qəbul eləsin ki, digər partiyalar inkişaf eləyə bilsin. Yəni əgər bir ölkədə parlamentə müxalifət düşməyəcəksə, bu, həmin iqtidarın uğuru sayılmamalıdır ki, “bax, görürsünüz, biz o qədər güclüyük ki, bir dənə də müxalifət parlamentə düşə bilmir”. Ona görə də Hikmət Babaoğlu bir tərəfdən haqlıdır ki, bəli, biz partiyalar işləməliyik, digər tərəfdən isə iqtidar da öz üzərinə düşənləri eləməldidir. Biz ona görə YAP-a müraciət etmişdik ki, 83-dən artıq dairədən namizəd irəli sürməyin. Onsuz da qanunlar 63 səs çoxluğu ilə qəbul olunur, konstitusion qanunlar isə 83 səs çoxluğu ilə qəbul olunur. Bu baxımdan görək indi YAP bizim təklifi, ümumiyyətlə, dəyərləndiribmi, nəzərə alıbmı? Hər halda, mən çox ümidliyəm ki, YAP elə qərarlar qəbul edəcək ki, parlament çoxpartiyalı əsasda formalaşsın və bu əsasda da fəaliyyət göstərsin.
- Yeri gəlmişkən, ötən seçkilərdə sıra sayı fərqli olsa da, həmin ərazidən Rauf Arifoğlu və İqbal Ağazadə rəqib olmuşdular, kifayət qədər ciddi mübarizə getmişdi... Həmin dairəni seçərkən tərəddüdləriniz olmadı ki?
- Yox. Əslində keçən çağırış seçkilərdə də mənim dairəm 36-cı seçki dairəsi idi, indi yenə də 36 saylı dairədir. Orada dəyişikliklər olub. Düzdür, mənim daha çox seçicilərimin olduğu məntəqələrin bir hissəsi indi 35-ci dairəyə düşüb. Amma açıq söyləyək, mən bir neçə dəfə prezident seçkisinə qatılmışam. Bu baxımdan Azərbaycanın elə bir guşəsi yoxdur ki, məni orada tanımasınlar. Mənim ünvanıma gələn ərizə və şikayətlərin 10-dan biri öz dairəmdən olur, 8-9-u çox müxtəlif, hətta ucqar rayonlardan olur. Bu da onu göstərir ki, insanlar parlamentin fəaliyyəti ilə maraqlanırlar və ümid yeri kimi, partiya sədri, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü olaraq şəxsən mənə müraciət edirlər, onların bu və ya digər problemlərinin həllində yardımçı olum. Deməli, mənim çıxışlarımı da izləyirlər, fəaliyyətimlə də tanışdırlar. Bu baxımdan bəzi namizədləri bəlkə onların seçicilərlə işləməsi ilə əlaqədar konkret dairə ərazisindəki seçicilər yaxşı tanıyırlar. Amma mənim o problemim yoxdur. Mən İsmayıllıdan da, Goranboydan da, Naxçıvandan da, Xətaidən də millət vəkili seçilmişəm. İndi də Xətaidən, 36-cı dairədən namizədliyimi vermişəm. Əlbəttə, başqa dairədən də namizəd ola bilərdim, əgər qərarımı verənədək YAP öz siyahısını açıqlasaydı. YAP öz siyahısını açıqlamaqda tələsmir, bizimsə artıq zamanımız yoxdur. Bildiyimə görə, 36-cı dairədən nə Rauf Arifoğlu, nə də İqbal Ağazadə namizədliyini irəli sürüb.