Ümummilli Lider Heydər Əliyev vurğulayırdı ki, “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir.” Qədim və zəngin mədəniyyətə malik Azərbaycan xalqı dünya sivilizasiyasına öz dəyərli töhfələrini verib. Tarixi faktlar sübut edir ki, Qobustan və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələr və digər bu kimi qiymətli əsərləri yaradarkən xalqımız müxtəlif yazı növlərindən və əlifbalardan istifadə eedib. Qədim Manna dövlətində yerli yazı növü ilə yanaşı, heroqliflərdən də istifadə olunduğu məlumdur. Albaniya dövləti zamanı isə 52 hərfdən ibarət əlifba yaradılmışdı. Ölkəmizdə İslam dininin yayılması ilə əlaqədar ərəb əlifbasından geniş istifadə olunmuş, yüz illər boyu ərəb dili din, elm və təhsil dili rolunu oynayıb. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqələrinə xidmət etmiş ərəb qrafikası dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilmir, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmırdı. Bu çatışmazlıqlar M. F. Axundzadə başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalılarında əlifba islahatı keçirmək ideyaları yaratmışdı. Lakin o vaxt bu ideyanı həyata keçirmək mümkün olmamışdı.
Bunu Teleqraf.com-a Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova deyib.
O qeyd edib ki, Cümhuriyyət dövründə Azərbaycan dili rəsmi dövlət dili elan edilsə də, real tarixi şərait üzündən uzunömürlü olmadı: “1922-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Yeni Əlifba Komitəsi yaradıldı. Bu Komitəyə Azərbaycan (türk) dili üçün latın qrafikalı əlifba tərtib etmək tapşırığı verildi. Bu yeni əlifbaya keçilməsi yolunda atılmış ilk ciddi addım oldu. 1923-cü ildən etibarən latın qrafikalı əlifbaya keçmə prosesi sürətləndirildi. 1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyəsinə əsasən 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi. Bu hadisə Azərbaycanda savadsızlığın ləğv olunmasında mühüm rol oynadı. Lakin Türkiyə Cümhuriyyətində də latın qrafikalı əlifbaya keçilməsi və bunun nəticəsində SSRİ-də və xaricdə yaşayan türk xalqları arasında mədəni əlaqələrin güclənməsi qorxusu Sovet imperiyası rəhbərliyində Azərbaycan əlifbasının yenidən dəyişdirilməsi planlarını yaratdı. 1940-cı il yanvarın 1-dən kiril qrafikalı əlifbaya keçmək haqqında qərar qəbul olundu. Sonralar kiril qrafikasının Azərbaycan dilinin fonetik səs sisteminə uyğunlaşdırılması üçün Azərbaycan kiril qrafikasında müəyyən dəyişikliklər aparıldı. Yarım əsrdən çox bir müddət ərzində kiril qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin qiymətli nümunələri yaradıldı. Sovet dövründə yaranmış əngəllərə baxmayaraq, sarsılmaz təməlləri olan Azərbaycan dili mövcudluğunu qoruya bilib. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində müstəqil Dilçilik İnstitutunun yaradılması dilçiliyimizin bir elm kimi inkişafına ciddi təkan verib. Sonrakı illərdə Azərbaycan dilinin mövcud təhlükələrdən qorunması və gələcək nəsillər üçün mühafizə edilməsi istiqamətində ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etmək lazımdır. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə sonadək öz prinsipial mövqeyini göstərib. 1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən ulu öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alınır. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir. Bütün çətinliklərə baxmayaraq, Ümummilli Liderin bu cür tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım oldu”.
Professor Vurğulayıb ki, müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azəraycan əlifbasının bərpasını zəruri etdi: “Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunan ilk Konstitusiyasında xalq referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək, ölkədə dövlət dilinin Azərbaycan dili adlandırılmasına yekdilliklə tərəfdar olduğunu bildirdi. Bundan sonrakı illərdə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında", "Azərbaycan əlifbası və Azərbaycan dili gü-nünün təsis edilməsi haqqında" imzaladığı fərmanlar, milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət Heydər Əliyevin Azərbaycan dilinin inkişafı, eyni zamanda, azərbaycançılıq ideyasının formalaşması yolunda göstərdiyi misilsiz xidmətlərdəndir. Ümummili liderimiz Heydər Əliyev latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycanın siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq 2001-ci il avqustun 9-da daha bir fərman imzaladı. Həmin fərmanla 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edildi. Həmin vaxtdan hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir”.
Komitə sədri bildirib ki, ümummilli lider Heydər Əliyev ideyalarının layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında qeyd edir ki: “Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub: “Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir”. Onun doğma dilimizə həssaslıqla yanaşmasının nəticəsidir ki, Azərbaycan ədəbiyyatının, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncam həm də əlifba ilə bağlı problemləri həll etdi. Onun 2013-cü ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”, 2018-ci ildə “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” , “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı Sərəncam və Fərmanlar ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Sözügedən Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılması isə Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir”.
Hicran Hüseynova Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili və Azərbaycanda yaşayan müxtəlif xalqların əsas ünsiyyət vasitəsi olduğunu söyləyib: “Ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”. Artıq 23 ildir ki, avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Və bu gün xalqımızın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, dünya azərbaycanlılarını birləşdirən tarixi gündür”.