Azərbaycanla Ermənistan arasında sülh müstəvisində danışıqlar, müzakirələr davam edir. Tərəflər ilkin sülh layihəsi sənədi üzərində iş aparır. Azərbaycanın sülh müqaviləsi ilə bağlı konkret tələbləri var. Bu da Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarının aradan qaldırılması və digər məsələlərlə bağlıdır.
Bunu Teleqraf.com-a politoloq Fərhad Mehdiyev deyib.
O qeyd edib ki, Bakı haqlı olaraq davamlı şəkildə bu müstəvidə mövqeyini ifadə edir:
“Belə bir bəyanatlar səslənirdi ki, Azərbaycanda keçiriləcək COP29-a qədər Ermənistanla sülh sazişi imzalana bilər. Amerikadan bu istiqamətdə bəyanatlar eşidilirdi. Amma sülh sənədinin bu il üçün imzalanacağı o qədər də real görünmür”.
Politoloq hesab edir ki, Nikol Paşinyanın hazırda Azərbaycanın tələb etdiyi konstitusiya dəyişikliyini təmin etmək resursları yoxdur:
“Amma ilkin razılaşmada Ermənistanın üzərinə öhdəliklər götürməsi ilə bağlı müəyyən qeydlərin olması mümkündür. Eyni zamanda ilkin razılaşma mövcud delimitasiya və demarkasiya üzrə iki ölkənin ərazi bütövlüyünün tanınması ilə başlayacaq. Əsas müddəa məhz bu prinsip üzərində qurulacaq”.
Fərhad Mehdiyevə görə, ilkin sənəd əldə edildikdən sonra digər məsələlər, o cümlədən kommunikasiya xəttləri, ticarət əlaqələrinin qurulması kimi addımlar gerçəklədirilə bilər:
“Burada əsas amil iki dövlətin qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Azərbaycan Ermənistanın, Ermənistan da Azərbaycanın ərazi bütövlüyü və sərhədlərini tanıyacaq”.