Ermənistan sülh prosesində maraqlı deyil. Bunu son bir neçə ayda daha açıq formada müşahidə edirik. Ermənistan baş naziri Nikol Paşinyanın ötən ay Londonda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən yayınması, Britaniyanın təklifini qəbul etməməsi və bundan başqa dəfələrlə sərhəd bölgəsində atəşkəs rejiminin pozulması, Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, həm də Naxçıvan istiqamətində təxribata əl atması vəziyyəti gərginləşdirir.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, bütün bunların əsas məqsədi ondan ibarətdir ki, Ermənistan bu təxribatlara əl atmaqla sülh prosesini əngəlləyir eyni zamanda gərginliyi artırır:
“Gərginlik artdıqca sülh prosesi ilə bağlı müəyyən əngəllər yaranır. Eyni zamanda İrəvan Bakıda keçiriləcək COP29 ərəfəsi daha böyük təxribatlara cəhd etməklə Azərbaycanı cavab tədbirləri görməyə məcbur etmək istəyir. Bunun üzərindən yenidən özünün beynəlxalq havadarları ilə birlikdə Azərbaycana qarşı təzyiq kompaniyası başlatmaq məqsədi daşıyır. Düşünmürəm ki, Ermənistanın bu təxribatları hansısa irimiqyaslı gərginliyə gətirib çıxarsın. Belə təxribatlar sadəcə vəziyyəti gərginləşdirməyə yönələn addımlardır. Gərginliyin olması və təxribatların intensivləşməsi sülh prosesinə ciddi mane olan amildir. Bu baxımdan biz məsələləri Ermənistanın mövqeyi kimi dəyərləndirməli deyilik.
Nəzərə almalıyıq ki, Ermənistan bu məsələdə söz sahibi deyil. İrəvana təlimat verən güclər məhz bölgədə gərginlik istəyirlər. Bu gərginlik fonunda bölgəyə yerləşmək və nüfuz dairələri qurmaq istəyirlər. O baxımdan vəziyyət hazırda kifayət qədər mürəkkəbdir. Azərbaycanda mümkün qədər bu proseslərdə səbirli davranmağa çalışır. Eyni zamanda Azərbaycan həm də onu bəyan edir ki, bu təxribatlar davamlı xarakter alacaqsa, o zaman Bakının cavab tədbirləri gecikməyəcək və təxribat mənbələri yerindəcə ləğv ediləcək”.