26 Avqust 20:07
4 343
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya tərəfinin Zəngəzur dəhlizi ilə bağlı məsələyə son dövrlər intensiv münasibət bildirməsi təbii olaraq Kremlin maraqlarından irəli gəlir. Belə ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində Rusiyanın Qərbə çıxışları bağlandığından və dünya ilə ticarəti davam etdirmək baxımından Moskvaya alternativ yollar lazımdır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, məhz bu səbəbdən son illər Rusiya Şimal Cənub nəqliyyat dəhlizinin açılması ilə bağlı ciddi işlər aparır:

“Orta dəhlizin əsas komponentlərindən olan və Rusiyanın Yaxın Orta Şərqlə, o cümlədən Türkiyə ilə səmərəli əlaqələrin qurulması üçün önəmli əhəmiyyətə sahib olan Zəngəzur dəhlizi vacib bir faktordur. Məhz bu yolun açılması, xüsusilə də onun Rusiyanın nəzarətində olması Kremlə iki səbəbdən lazımdır. Birinci səbəbi Rusiya həmin dəhlizdə 10 noyabr üçtərəfli bəyanatının şərtlərinə görə nəzarəti həyata keçirərsə bu, Rusiyaya əlavə üstünlüklər verir. Eyni zamanda siyasi baxımdan Rusiyanın maraqlarına uyğundur. İkincisi, məhz bu yolun açılması ilə Rusiya yükləri Türkiyə və Yaxın Orta Şərqə daha rahat şəkildə iri həcmlərlə daşına bilər. Bu səbəbdən Rusiya özünün 2020-ci ildən sonrakı dövrdə əldən buraxdığı imkanları yenidən əldə etmək istəyir.

Belə ki, Rusiyanın 2020-ci ilin noyabrından 2022-ci ilə qədər ki iki illik dönəmdə əslində əlində kifayət qədər rıçaqlar vardı. Rusiya Ermənistanı məcbur edərək Zəngəzur dəhlizi aça bilərdi. Sadəcə olaraq Rusiya bu zaman tərəflər üzərində özünün təsir imkanları saxlamaq məqsədilə Ermənistana çox ciddi təzyiq etmədi. Məhz bu, Rusiyanın özü üçün sonradan problem yaratdı. Ermənistan Qərbə meyil etməklə Qərbdən aldığı təlimatları Rusiyanı prosesdən kənarlaşdırmağa çalışdı ki, bu da Rusiyanın maraqlarına tamamən ziddir. Əslində Rusiyanın hazırda Güney Qafqaza təsir imkanları xeyli dərəcədə zəifləyib”.

Politoloq bildirib ki, Rusiya Prezidenti Vladimir Putin ilə Ermənistanın Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizinin açılması məsələsini müzakirə edib:

“Rusiyanın mövqeyi ondan ibarətdir ki, Güney Qafqazda proseslər 2020-2022-ci illərdə Rusiyanın iştirakı ilə həyata keçirilən görüşlərdə əldə olunmuş və imzalanmış razılaşmalara əsasən həyata keçirilməlidir. Amma Ermənistan buna razı olacaqmı? Bu, kifayət qədər problematik məsələdir. Rusiyanın Zəngəzur dəhlizinə açılması ilə bağlı Ermənistana təzyiqlərinin nəticə verib verməyəcəyini gələcəkdə görəcəyik. Hazırkı durumda hesab etmirəm ki, Ermənistan Rusiyanın təzyiqlərinə ciddi şəkildə baş əyəcək və Qərbdən gələn təlimatlardan yayınacaq.

Çünki artıq Zəngəzur dəhlizi kifayət qədər intriqa mənbəyinə çevrilib. Bu məsələdə ciddi geopolitik bir mübarizə də var. Rusiyanın təzyiqləri o zaman effektiv olacaq ki, Rusiya Ukrayna cəbhəsində hansısa bir uğur əldə etsin və diqqətini eyni zamanda həm də Güney Qafqaza yönəldə bilsin. Bu baxımdan yaxın perspektiv üçün Rusiyanın təzyiqlərinin hansısa ciddi nəticələrə gətirəcəyini düşünmürəm”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər