Azərbaycanla Türkiyə birgə səylərlə qısa müddətdə Ermənistanı sülh və ya çərçivə sazişini imzalamağa məcbur etməlidir.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert iki qardaş ölkə arasındakı son gəlişməyə diqqət çəkib:
“Xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəyə sabahkı səfəri iki dövlət arasında strateji müttəfiqliyin - Şuşa bəyannaməsinin xarakterindən irəli gəlir. Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla Bakı ilə İrəvan arasında sülh prosesini müzakirə edəcək. Bayramov İrəvanla danışıqların gedişi və yazışmalar barədə Fidanı detallı məlumatlandırmalıdır ki, Ankara gələcək addımlarını buna uyğun müəyyənləşdirə bilsin.
Hakan Fidan da paralel olaraq, Ceyhun Bayramovu İrəvanla apardığı danışıqların təfərrüatları barədə məlumatlandıracaq. Bu haqda da detallı bilgi Bakıya lazımdır ki, Ermənistan hökumətinin niyyətini analiz edə bilsin. Bütün hallarda Bakı ilə Ankara birgə səylərlə qısa müddətdə İrəvanı tərəfləri razı salacaq sülh və ya çərçivə sazişini imzalamağa məcbur etməlidir.
Birinci məqsəd, bölgədə davamlı sülhə nail olmaqla regional əməkdaşlığın yollarını açmaqdırsa, ikinci məqsəd, Ermənistanı mövcud alətlər vasitəsilə anti-Azərbaycan və anti-Türkiyə bloklarında iştirakdan uzaqlaşdırmaqdır”.