13 Sentyabr 16:55
1 913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevin məqaləsində deyilir.

Diplomat məqalədə Azərbaycan Prezidentinin Ukrayna ilə bağlı açıqlamasına da diqqət çəkib:

“Bu yaxınlarda İtaliyaya səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsinə dair Azərbaycanın qəti, dəyişməz və ardıcıl mövqeyini bir daha təsdiqlədi.

Həmçinin Ukrayna Prezidenti Vladimir Zelenskiyə Ukraynanın Müstəqillik Günü münasibətilə ünvanladığı builki təbrikində Azərbaycanın lideri xüsusilə qeyd edib: “Azərbaycan və Ukrayna BMT Nizamnaməsinə, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq ərazi bütövlüyü və suverenlik məsələlərində qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirirlər. Biz dost Ukrayna xalqına lazımi humanitar dəstəyi və yardımı göstərmək üçün bundan sonra da hər cür səy göstərmək niyyətində olduğumuzu bildiririk”.

Ukraynanın yeni xarici işlər naziri Andrey Sibiqa ilə azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında ilk söhbətin mövzusu məhz bu məsələlər olub. Söhbətin nəticələrinə görə, Ukraynanın xarici siyasət idarəsinin rəhbəri deyib: “Biz suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmətimizi təsdiqlədik. Ümid edirəm ki, əməkdaşlığımız xalqlarımız arasındakı dostluq əlaqələrini əks etdirəcək”.

Məqalə sentyabrın 11-də Kiyevdə keçirilmiş Beynəlxalq Krım Platformasının IV Sammiti ilə əlaqədar qələmə alınıb. Tədbirə dünyanın 60-a yaxın ölkəsi və beynəlxalq təşkilatlardan çoxsaylı nümayəndə heyətləri qatılıb.

Bütün nümayəndə heyətləri Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini təsdiqləyiblər, Prezident Vladimir Zelenskinin sülh formulunu və Rusiyanın təcavüzü ilə mübarizədə Ukraynanın dəstəklədiklərini bildiriblər.

Sammitə Litva Prezidenti Gitanas Nauseda, Latviya və Xorvatiyanın baş nazirləri Evika Silinya və Andrey Plenkoviç, Moldova və Çexiya parlamentlərinin sədrləri İqor Qrosu və Marketa Pekarova Adamova, ABŞ dövlət katibi Entoni Blinken, Böyük Britaniya xarici işlər naziri Devid Lemmi, o cümlədən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının rəhbəri Lazar Komenesku və GUAM-ın baş katibi, azərbaycanlı diplomat Altay Əfəndiyev qatılıblar. Bəzi dövlət rəsmiləri sammitə onlayn və ya video zəng vasitəsilə qoşulub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər