Sentyabr 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsinin bəzi seçki məntəqələrində pozuntular olduğu haqqında iddialar araşdırılıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə edilib.
MSK-nın və Ekspert qrupunun üzvü Nailə Əsgərovanın təqdimatına əsasən, dairədən qeydə alınmış namizəd Cahandar İsmayılov bu barədə DSK-nın qərarından şikayət verib.
Araşdırma zamanı müraciətin əsassız olduğu müəyyənləşdirilib, ərizəçinin iddiaları təmin edilməyib. Beləliklə, DSK-nın müvafiq qərarı dəyişdirilmədən saxlanılıb.
MSK sədri Məzahir Pənahov əlavə edib ki, şikayətçi "Cahandar Bayoğlu" adı ilə sosial şəbəkələrdə fəaldır: "Amma araşdırma zamanı onu iştiraka dəvət edəndə bizə heç bir irad bildirmədi".