Almaniya heç vaxt “Taurus” qanadlı raketlərini Ukraynaya ötürməyib. Bununla belə, Berlin Ukraynanın digər Qərb tərəfdaşlarının verdiyi silahlarla Rusiya ərazisinə zərbə endirməsinin əleyhinə deyil
Teleqraf.com xəbər verir ki, bunu Almaniya müdafiə naziri Boris Pistorius deyib.
“Beynəlxalq hüquq buna imkan verir”, - nazir Rusiyanın dərinliklərinə digər Qərb silahları ilə zərbə endirilməsinin mümkünlüyü barədə sualı cavablandırarkən bildirib.
Həmçinin, o vurğulayıb ki, Ukraynanı bu silahlarla təmin edən ölkələrin razılığı da lazımdır. Pistorius Ukraynaya verilən raketlərin istifadəsinə qoyulan məhdudiyyətləri hələ də aradan qaldırmayan ABŞ və Böyük Britaniyanın mövqeyinə münasibət bildirməkdən çəkinib.
Pistorius Rusiyaya zərbələrin mümkün icazəsini “eskalasiya” adlandıran Rusiya Prezidenti Vladimir Putinin təhdidlərini də rədd edib.
“Putinin təhdidləri Putinin təhdidləridir, artıq heç nə deməyə ehtiyac yoxdur. İstədiyi vaxt hədələyir, uyğun görməyəndə də hədələmir”, - Almaniya müdafiə naziri söyləyib.