Rusiya Prezidenti Vladimir Putinin son zamanlar Cənubi Qafqazla bağlı artan fəallığı onu göstərir ki, Kreml oyundan kənar qalmaq istəmir. Hətta ötən günlərdə Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdi və müxtəlif müzakirələr oldu. Putin anlayır ki, əgər Rusiyasız sülh müqaviləsi imzalanacaqsa, bu imzalar Rusiyanın Cənubi Qafqazdan çıxarılması ilə bağlı qərarla yekunlaşacaq.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.
Onun sözlərinə görə, sülh sənədinin imzalanmasından sonra əməkdaşlıq, ticarət və digər məsələlər dövriyyəyə girəcək:
“Hətta regional və qlobal iqtisadi layihələrin Ermənistandan keçməsi kimi məsələlər də bura aiddir. Paralel Türkiyə-Ermənistan münasibətləri tənzimlənəcək. Bütün bu hadisələr əgər Kremlsiz olacaqsa, bu o deməkdir ki, Rusiya Ermənistandan sıxışdırılıb çıxarılacaq. Perspektivdə bu, Cənubi Qafqazdan Rusiyanın çıxarılması deməkdir. Ona görə Rusiya aktivləşib. Rusiyanın bu gün oynaya biləcəyi ən ciddi rol məhz kommunikasiyaların açılması məsələsidir. Çünki bu, 10 noyabr sənədində doqquzuncu müddəada yer alıb. Bu, Rusiyanın əlini müəyyən mənada hüquqi cəhətdən gücləndirir. Ermənistana bu yöndə təzyiq edilir. Nəticəsi olub-olmayacağını gələcək göstərəcək.
Ancaq hər halda Azərbaycan prezidenti və Ermənistan rəhbərliyi ilə danışıqlardan sonra mövcud işçi qrupu artıq görüşüb. Bu mexanizm yenidən işlək bir mexanizmə çevrilib. Bu, Ermənistan üçün sadəcə görüntü xarakterli də ola bilər. Hər bir halda Rusiya prezidentinin ciddi aktivləşməsi cəhdi göstərir ki, Rusiya bu məsələdə çox ciddidir. Rusiya heç bir halda ABŞ-ın bu kommunikasiya sistemlərinin nəzarətinə keçməsini istəmir. Ayrıca Rusiya onu da anlayır ki, artıq kulislərdə belə bir sülh müqaviləsinin imzalanması söhbəti gedir. Bu informasiya Rusiyada da var. Moskva anlayır ki, oyundankənar vəziyyətdə qalarsa, bundan sonrakı proseslər Rusiyasız həyata keçiriləcək. Buna görə Rusiya dərhal aktivləşib.
Çünki bu kommunikasiya sisteminə Zəngəzur dəhlizinə Rusiya nəzarət edərsə, bu, Rusiyanın regionda varlığı deməkdir. Rusiya bu gün məsələyə bu cür baxır. Ona görə də bu məsələni ciddi qəbul etmək lazımdır. Rusiyanı Azərbaycana gətirən əsas səbəblərdən biri də məhz budur”.
Politoloq bildirib ki, Türkiyənin Zəngəzur dəhlizi məsələsinə baxışı dəyişməyib:
“Türkiyə regionda var. Türkiyənin Azərbaycanla Şuşa bəyannaməsi, müttəfiqlik sənədi mövcuddur. Bütün bu məsələlər Türkiyə ilə Azərbaycan arasında müzakirə və koordinasiya olunur. Azərbaycan bu gün Türkiyəsiz heç bir addım atmır. Buna görə də hansı qərar və addımlar atılacaqsa bu, Azərbaycan və Türkiyənin birgə qəbul etdiyi qərarlar olacaq. Türkiyə əslində regionda getdikcə güclənən tərəfdir. Bu, əslində digər bəzi oyunçuları narahat edir. İran, Fransa, ABŞ hətta Rusiyanı belə narahat edir.
Regionun əsas strateji və güclü ölkəsi Azərbaycandır. Bu gün Azərbaycana bütün regional və qeyri regional ölkələr regionda sabitləşdirici güc mərkəzi kimi baxırlar. Hətta Lukaşenko Şuşa səfərində bildirmişdi ki, Cənubi Qafqazı bu gün sabitləşdirəcək güc Azərbaycandır. Bu, həqiqətən sözün əsl mənasında belədir. Ona görə Azərbaycanın əhəmiyyəti artıb. Vladimir Putin ona görə təcili qaydada Azərbaycana gəldi. Bu, həm də o deməkdir ki, Azərbaycanın tərəzinin hansı gözündə olacağı həmin güc mərkəzinin regionda dominant gücə çevrilməsi və perspektivi deməkdir. Bu da əlbəttə belə bir vəziyyətdə seçim olacaqsa, Bakı Ankaradan yana qərar verəcək.
Ancaq Azərbaycana təzyiq etmək istəyən qlobal güclər də anlamalıdır ki, Azərbaycana təzyiq bundan sonra da davam edərsə və Ermənistanın haqsız tələbləri müdafiə olunarsa, bu, həmin güc mərkəzlərinin regionda varlığına ciddi problem yaradacaq. Çünki Azərbaycanın iştirak etmədiyi heç bir geosiyasi layihə regionda keçərli ola bilməz”.