10 Sentyabr 09:50
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı müsbət yanaşmalar var. Müzakirələr intensiv şəkildə davam edir. Yeganə məsələ Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarının aradan qaldırılmasıdır. Erməni isə tərəfi 2027-ci ildə yeni konstitusiya qəbul edəcəklərini bəyan edib.

Bunu Teleqraf.com-a sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O qeyd edib ki, tərəflər sülh sənədinə imza atsa belə Ermənistan konstitusiya məhkəməsinin burada hansı əngəl yaradacağı məsələsinə aydınlıq gətirilməlidir: “İlkin sülh sənədini paraflamaq mümkündür. Bundan sonra Ermənistan tərəfi konstitusiyada müvafiq düzəlişlər etdikdən sonra yekun sülh sazişi imzalamaq olacaq”.

Sabiq nazir İranın Zəngəzur dəhlizi ilə bağlı narahatlığına da toxunub: “İran regionda bütün yüklərin öz ərazisindən keçməsini istəyir. Tehran Araz çayı sahili boyunca Naxçıvana, oradan da Türkiyəyə çıxışın təmin edilməsində maraqlıdır. Bu yola alternativ xəttin açılmasını istəmir. Azərbaycan da Bakı-Tbilisi-Qars dəmir yolu xəttini Naxçıvana qədər uzadaraq digər tərəfdən marşrut əldə edə bilər”.

Elmar Məmmədyarova görə, Tehran indi özünü regional oyunçu kimi aparmağa çalışır: “Ermənistan ərazisindən açılacaq dəhlizə hansısa beynəlxalq konsersumun nəzarət məsələsi gündəmdədir. İran iddia edir ki, regiona aid olmayan üçüncü tərəf yerləşməsin. Burada təsiredici faktor Rusiyadır. Moskva dəhlizlə bağlı mövqeyindən geri çəkilməyəcək. İran istəmədi deyə Rusiya “yaxşı, baş üstə deməyəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər