18 Sentyabr 17:53
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəngəzur dəhlizinin açılması nə Rusiyanın, nə də İranın iradəsindən asılı məsələ deyil. Bu, Azərbaycan və Ermənistan rəhbərliyinin birgə qərarından asılı olacaq məsələdir. Ona görə də İran və Rusiyanın iradəsini mütləqləşdirməyə ehtiyac yoxdur. Sadəcə olaraq, "öldürülməmiş ayının dərisi uğrunda bir mübarizə" kimi bir səhnə izləyirik. Hansı ki, bundan istifadə edən başqa güclər, ölkələr var. Bir tərəfdə Cənubi Qafqazın ən güclü strateji ölkəsi Azərbaycan, hansı ki, bilavasitə prosesin təşəbbüskarıdır. Digər tərəfdən, münaqişə tərəfi olan Ermənistan var ki, ərazi Ermənistan ərazisidir. Açılacaq nəqliyyat, kommunikasiya xətləri də bu ərazidən keçəcək.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, burada qərar verəcək tərəf həm də Ermənistandır:

“Eyni zamanda Ermənistanı müdafiə edən Qərb havadarları var. Buna görə sadəcə bu prosesdə Rusiya və Tehran arasında mübarizənin qalibinin istəyi olacaq kimi bir vəziyyət yoxdur. Bu, ola da bilməz. Ola bilsin ki, nə Moskvanın, nə də Tehranın istədiyi ümumiyyətlə olmayacaq. Düşünürəm ki, belə vəziyyət Azərbaycanın marağına da uyğundur. Çünki Azərbaycan və Ermənistan arasında həll olunacaq nəqliyyat kommunikasiya sisteminə başqa bir ölkənin nəzarət etməsi hər iki ölkənin maraqlarına xidmət edə bilməz. Bu, doğru da deyil. Başqa ölkələr də bu fikirdədir ki, bu dəhliz dolayısilə Turan Dəhlizidir. Orta dəhliz məhz Çindən, Qazaxıstandan, Mərkəzi Asiyadan Xəzəri keçərək, Azərbaycan Türkiyə ilə davam edəcək.

Yəni türk koridoruna başqa bir ölkənin nəzarət etməsi nə dərəcə də doğru və uyğun ola bilər?... Buna görə də kimlər bu yöndə bir-biri ilə mübarizə aparmaq istəyirlərsə, bu, artıq onların işidir. Azərbaycan və Türkiyəyə düşən kənardan müşahidə etməkdir. Bu prosesdə öz təsir imkanlarını artırmaqla bu dəhlizin gələcəyini məhz özlərinin iradəsindən asılı vəziyyətə salmaqdır.

Düşünürəm ki, sonda da belə olacaq. Ona görə də nə Rusiyanın, nə İranın istədikləri mütləq deyil. Mütləq olan düşünürəm ki, bizim iradəmizdir. Bilavasitə bu prosesdə bu günə qədər hələlik manevr imkanlarını saxlayan Ermənistan rəhbərliyidir. Çünki onlar da bu məsələlərdən bəhrələnir. Ermənistan Rusiya ilə üz-üzə gələndə İranın bu prosesdə ciddi əngəl olduğunu vurğulamaqla müəyyən mənada Rusiyanın qəzəbindən sığortalanırsa, eyni şeyi İrana və yaxud da ki, özünün havadar dövlətləri olan qərb dövlətlərinə də söyləyə bilir. Ancaq bu da bir yerə qədərdir".

Politoloq bildirib ki, regionda təkcə geosiyasi yox, həm də geoiqtisadi maraqları olan güc mərkəzlərinin sayı artıqdır:

“Bu da mübarizəni çətinləşdirir. Burada da əsas bu xoşagəlməz vəziyyətin yaranmasına səbəb olan ölkə Ermənistandır. Ermənistan manevr etmək imkanlarını guya artırmaq üçün bu cür vəziyyət yaratdı. Bir çox güc mərkəzlərini dolayısı ilə Ermənistana dəvət etməklə müəyyən mənada Ermənistanda olan güc balansını dəyişmək istədi. Ancaq bu hansısa məqamda Ermənistan dövlətinin əleyhinə çevrilə bilər.

Çünki Ermənistanda yerləşən çox ciddi dağıdıcı ünsürlər var və bunların önündə Rusiya kimi bir ölkə gəlir. Ona görə də bu tənliyin içindən çıxma yolu da Ermənistanın Azərbaycanla anlaşmasıdır. Təsəvvür edək ki, Ermənistan Azərbaycanın şərtlərini qəbul edib sülh müqaviləsi imzalayarsa, bu artıq xarici güclərin bütün səviyyələrdə proseslərə müdaxilə imkanlarını sıfırlaşdıracaq. Əslində bunu çoxdan etmək lazım idi. Məsələnin bu düyün nöqtəsinə çevrilməsinə Ermənistan özü səbəb olmuşdu. Bu düyünün açılmasına da Ermənistan özü səbəb olmalıdır. Azərbaycanla sülh müqaviləsi olduğu təqdirdə regionun inkişaf perspektivi, sülh əməkdaşlığı, sülh mühiti artacaq. Xarici güclərin müdaxilə imkanları azalacaq. Həmçinin Cənubi Qafqazın bütöv bir sistem kimi fəaliyyət göstərməsinin yolu açılacaq.

Çünki birgə təhlükəsizlik arxitekturası qurularsa heç bir qlobal güc mərkəzinin regionu özünün əhatə dairəsi saymasına imkan verilməyəcək. Tənliyin çözümü burdadır. Ancaq Cənubi Qafqaz bir bütün ola bilməsi üçün mütləq mənada Azərbaycan-Ermənistan arasında sülhə ehtiyac var. Çözümün formulu budur”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər