2 Oktyabr 13:04
1 186
12 Punto 14 Punto 16 Punto 18 Punto

Regional müharibələr genişləndikcə, nüvə silahına malik olmaq istəyən dövlətlərin sayı artacaq.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert hesab edir ki, İran-İsrail və Rusiya-Ukrayna qarşıdurmaları nüvə silahlarının tətbiq olunacağı müharibələrə çevrilə bilər:

“Beynəlxalq aləmin bir neçə ildir müzakirə etdiyi əsas mövzu Rusiyanın Ukrayna və ona hərbi dəstək verən ölkələrə qarşı nüvə silahından istifadə edib-etməyəcəyidir. İsrail-İran müharibəsi eyni mövzunu bu iki ölkə üçün də aktuallaşdırıb. İsrail etiraf eləməsə də, yüzdən çox nüvə silahına malikdir. İran da etiraf etməsə, ya bir neçə nüvə silahına artıq yiyələnib, ya da hədəfinə çatmağa çox yaxındır. Hələ ki, havada raketlər uçuşur, ancaq müharibənin şiddətlənəcəyi halda bölgədə nüvə müharibəsi ehtimalı barədə də danışılmağa başlanacaq.

“Heç bir lider nüvə düyməsinə basmaz, çünki bu, fəlakət olar” prinsipi işləməyə də bilər, əks halda, Rusiya rəsmiləri bu mövzuda ehtiyatlı açıqlama verərdilər. Odur ki, regional müharibələr genişləndikcə, nüvə silahına malik olmaq istəyən dövlətlərin sayı artacaq. Məsələn, Türkiyə və Səudiyyə Ərəbistanı bu haqda düşünməyə başlayacaq”.

Elxan Şahinoğlu baş verənlərlə bağlı başqa bir məqama da diqqət çəkib:

“Nyu-York Tayms” qəzetinin iddiasına görə, ali dini lider Əli Xameneyinin əmrini yerinə yetirən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlığı İsrailə raket hücumuna başlamazdan əvvəl Prezident Məsud Pezeşkiana məlumat verməyib. ABŞ nəşri bunu əməliyyatla bağlı İran rəhbərliyində mümkün parçalanma ilə izah edib. ABŞ nəşrinin iddiasının nə qədər həqiqətə uyğun olduğunu söyləmək çətindir. Bu, İrana qarşı informasiya müharibəsinin tərkib hissəsi ola bilər.

Fikrimcə, İsrailə hücum barədə Pezeşkiana məlumat verilib, sadəcə hücum qərarıyla bağlı onun rəyi öyrənilməyib, fakt qarşısında qoyulub. Zərbə endirildikdən sonra isə Pezeşkian hücumu dəstəkləyən fikirlər paylaşmaq məcburiyyətində qalıb. Ancaq Pezeşkian İsrailin cavab zərbələrinin İrana hansı zərər vuracağını da anlamamış deyil. Pezeşkian seçiləndə beynəlxalq aləmlə münasibətləri nizamlayacağını, iqtisadi vəziyyəti düzəldəcəyini vəd etmişdi. İsraillə müharibə bu planların üstündən xətt çəkəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər