3 Oktyabr 11:24
1 538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ermənistan tərəfi Azərbaycanla ancaq razılaşdırılmış müddəalar əsasında sülh müqaviləsinin imzalanmasını istəyir. Görünən odur ki, erməni tərəfi yarımçıq sülh sənədinə imza atmaqda maraqlıdır. Rəsmi İrəvanı bu məsələyə vadar edən, tələsdirən nədir?

- Bu ölkə ümumiyyətlə Azərbaycanla sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. İrəvan həmişə belə vasitələrlə prosesi manipuliyasiya edir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistanın müstəqillik aktı və konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan müddəalar ləğv edilməlidir. Erməni tərəfi bunu konstitusiya məhkəməsi yolu ilə manipuliyasiya etməklə deyil, referendum yolu ilə etməlidir. Azərbaycan tam əmin olmalıdır ki, Nikol Paşinyandan sonra dəyişən siyasi konyuktura hakimiyyətə gəldikdə bu sənədləri ləğv etməyəcək. Ermənistanda sonradan formalaşan hakimiyyət hansısa iddialar qaldırmamalıdır ki, onlar keçmiş baş nazir Nikol Paşinyanın imza atdığı sənədi tanımır. Ona görə də, Azərbaycan üçün əsas şərt erməni xalqının iradəsidir. Erməni xalqının iradəsi ilə Azərbaycana qarşı olan ərazi iddialarından imtina edilməlidir. Bu halda geri dönməz bir sülhə doğru getmək olar. Əks halda Azərbaycan Ermənistanın ötür-ötür oyunlarına getməyəcək.

- Rəsmi İrəvanın əsas öhdəlikləri nədən ibarətdir?

- Ermənistan ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı mövqeyini ortaya qoymalıdır. Bu ölkə həmçinin 2020-ci ildə imzalanmış üçtərəfli (Azərbaycan, Rusiya və Ermənistan) bəyanatın müddəalarını icra etməyib. Kommunikasiya xətlərinin açılması Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirən dəhlizin yaranması kimi vacib öhdəlikləri erməni tərəfi təmin etməyib. Ona görə də, rəsmi İrəvan bu məsələləri kompleks şəkildə həll etməlidir.

- Sülh müzakirələri aparıldığı ərəfədə erməni tərəfi hərbi təxribatlara əl atır. Daha çox Naxçıvan istiqamətində gərginlik yaratmağa çalışır. Bunun arxasında hansı məqsəd var?

- Erməni tərəfi tək Naxçıvan deyil, digər sərhəd xətləri boyu təxribatlarını vaxtaşırı olaraq həyata keçirir. Naxçıvanla yanaşı, digər bölgələrdə gərginlik yaratmaq niyyətləri var. Burada sırf Naxçıvanın üzərində fokslanmaq olmaz. Əsas məqsəd gərginliklə bağlı görüntü yaratmaqdır. Yaranacaq gərginliyi isə erməni tərəfi həmişə olduğu kimi Azərbaycanın üzərinə atır. Sülh müqaviləsinin bağlanmasına maneə olan cəhətlərdən biri də budur. Bütün bunlar isə ənənəvi erməni hiyləsidir. Niyyətləri isə sülh danışıqlarını qeyri-müəyyən müddətə uzatmaqdır.

- Zəngəzur dəhlizi ilə bağlı aparılan müzakirələrdə Rusiya və İran daha çox fəal görünür. İranın dəhlizlə bağlı məsələyə niyə bu qədər həssas yanaşır?

- Ermənistan konkret mövqeyini ortaya qoyduqdan sonra kənar qüvvələr heç bir əhəmiyyət kəsb etməyəcək. İndiki halda kənarda olan proseslər isə Ermənistanın apardığı oyundur. Çünki onlar hələ ki, dəhlizin açılmasını istəmirlər. Sözsüz ki, Ermənistana təsir edən qüvvələr var. ABŞ, Fransa və digərləri rəsmi İrəvana bu məsələdə təsir edir. Amma bütün proseslərə baxmayaraq dəhliz açılacaq. Ermənistanın isə bu kimi davranışları elə özünə ziyan olacaq. Azərbaycan İran ərazisindən Naxçıvana yol çəkir. Bununla yanaşı Zəngəzur yolu da açılacaq. Ermənistan müstəqil qərar verə bilmədiyindən kənarda olanlar öz oyunlarını oynayır. Hamı da Ermənistanın adından danışır, onun görməli olduğu işi görmək istəyir. Amma İrəvan heç bir qərar verə bilmir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər