Ermənistan baş nazirinin sülh və kommunikasiya xətlərinin açılması ilə bağlı səsləndirdiyi fikirlər həqiqətdən uzaqdır. Əslində Nikol Paşinyan da bilir ki, Zəngəzur dəhlizinin açılması Azərbaycandan daha çox onların xeyrinədir. Bu dəhliz açılmalıdır. Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin qurulması və inkişafında Zəngəzur zəruri bir nöqtədir.
Bunu Teleqraf.com-a VI çağırış Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib.
“Dəhlizin açılması Ermənistanın iqtisadiyyatına ciddi töhfə olacaq. Azərbaycan da öz ərazisindən Ermənistan üçün yollar açacaq. Amma bütün bu reallıqlara rəğmən İrəvan addım ata bilmir. Bu da Ermənistandan daha çox onun havadarlarının istəyi ilə bağlıdır”, - deyə o əlavə edib.
Partiya sədri İranın da Zəngəzur dəhlizi ilə bağlı mövqeyinin birmənalı olmadığını söyləyib:
“Tehran Naxçıvana yolun öz ərazisindən keçməsini istəyir. Əslində bura Cənubi Azərbaycan ərazisidir. Burada şərtlər tam bəlli deyil. İndiki halda isə bütün məsələlərin həlli Ermənistanın davranışlarından asılıdır. Sülhdən danışmaqla ona nail olmaq çətindir”.
Sabir Rüstəmxanlı erməni tərəfinin razılaşdırılmış müddəalarla sülh sazişi imzalamağa meyilli olmasının başqa amillərlə bağlı olduğunu bildirib:
“Yarımçıq sülh sözsüz ki, təhlükəlidir. Vaxtilə keçmiş Dağlıq Qarabağla bağlı da belə iddialar var idi. Ermənistanın işğalında olan 5 rayonun geri qaytarılmasından, Laçın və Kəlbəcərin taleyini sonra müzakirə etməkdən, keçmiş Dağlıq Qarabağa yüksək “status” verilməsi kimi iddialar səslənirdi. ATƏT Minsk Qrupu da bu oyunların içərisində idi”.
Sabiq deputat hesab edir ki, sülh razılaşmasında ciddi məsələləri sonraya saxlayıb, müəyyən razılaşmalara imza atmaq məntiqsizdir:
“Zaman etibarilə erməni tərəfi də yekun sülhə razı olacaq. Cənubi Qafqaz dünyanın diqqət mərkəzindədir. Rusiyanın bu regiondan uzaqlaşması, onun əvəzinə Avropa ölkələrinin bölgəyə gəlməməsi, üç ölkənin (Azərbaycan, Gürcüstan, Ermənistan) öz aralarında dil tapıb Cənubi Qafqazı sakit, inkişaf məkanına çevirməsi vacibdir”.