Rusiya sərhəd qoşunlarının Ermənistanın Türkiyə və İran sərhədlərindən geri çəkilməsi və onların yerini erməni sərhədçilərinin tutması İrəvanın daxili məsələsidir. Ermənistan müstəqil dövlət olsaydı, əlbəttə, biz onun bu hərəkətini müsbət dəyərləndirərdik.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, hər müstəqil dövlətin ərazilərini, sərhədlərini özünün qoruması müsbət bir haldır:
“Amma indiki halda bu, məhz o səbəbdən ciddi rezonans doğurur ki, Ermənistan müstəqil siyasət yeridə bilmir. Həmçinin Qərbin bölgədə yerləşməsinə çalışır. Məhz bu səbəbdən bölgədə əlavə gərginliklərə yol açılır. Bu da bütün bölgəyə, xüsusilə də Ermənistanın özünə zərər verir. Rus sərhədçiləri qeyd olunan istiqamətlərdən çəkiləndən sonra hesab edirəm ki, Ermənistan bir müddət özü o əraziləri qoruyacaq. Fransa və Amerikanın Ermənistanda hərbi qüvvələri artacaq. Amma bu, Ermənistana fayda verəcəkmi? Məncə, yox.
Çünki məhz Fransa və Amerikanın bölgəyə gəlməsi vəziyyəti dəyişəcək. Əgər onlar doğurdan da təhlükəsizliklə bağlı məsələlərdəki boşluğu doldurmaq üçün işlər görəcəklərsə, bu, kifayət qədər bölgədə ciddi problemlərə yol açacaq. Xüsusilə də İranda bunun hansı reaksiya ilə qarşılanacağı maraq doğurur. Belə ki, artıq İran tərəfindən ilkin olaraq bu məsələlərlə bağlı müəyyən xəbərdarlıqların edildiyi göz önündədir. Ən azı İran rəsmiləri bunu hansısa siyasi şərhçi və ekspertlərin dili ilə bir formada çatdırmağa çalışır.
Rusiya sərhədçilərinin yerini amerikalı və fransız hərbçilər tutacaqsa, bu, bölgədə ciddi gərginliyə səbəb olacaq. Əgər Ermənistan doğrudan da bu istiqamətlərdə öz əsgərləri ilə sərhədlərdə dayanacaqsa, təbii ki, bu, müsbət qarşılanacaq. Bütün hallarda bölgədə kifayət qədər ciddi proseslər gedir. Həmçinin Rusiya da hazırda sərhədçilərinin, hərbi hissələrinin bölgədə qalması üçün israr etmir. Məsələnin zamanla həllinə müsbət hal kimi yanaşır. Yəni Ermənistan doğrudan da müstəqil siyasət yeridə bilsəydi, Rusiya sərhədçilərinin bölgədən çıxmasına müsbət yanaşmaq olardı. Sadəcə olaraq hazırkı geopolitik şərtlərdə və rəqabətdə Rusiya müəyyən qədər mövqelərini zəiflədib. Yaranmış vəziyyətə görə hazırda Rusiya Ermənistandan çəkinmək məcburiyyətindədir”.