Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin gəlir və xərcləri açıqlandı. Nazirlər Kabineti tərəfindən dövlət başçısına təqdim olunmuş 2025-ci il dövlət büdcəsinin layihəsi ilə müqayisədə büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılır. Eyni zamanda digər xərclərin də artımı nəzərdə tutulur. Bununla yanaşı sosial sahəyə nə qədər vəsaitin yönədilməsi də diqqəti mərkəzindədir.
Teleqraf.com-a danışan iqtisadçı Rəşad Həsənov gələn ildən artım olacaq istiqamətləri açıqlayıb.
“2025-ci ildə yaşayış minimumu, minimum əməkhaqqının artırılması proqnozlaşdırılır. Təxminən bu istiqamətlərdə 10 faiz ətrafında artım gözlənilir. Minimum əməkhaqqı 400 manata çatdırıla bilər. Bu proses özlüyündə büdcə təşkilatlarında çalışanların əməkhaqqına da təsir göstərəcək”, - deyə o əlavə edib.
Ekspertin fikrincə, büdcə təşkilatlarında çalışanların maaşlarının 5-10 faiz civarında artırılması gözlənilir:
“Dövlət qulluğunda çalışanların əməkhaqqısı isə təxminən 10 faiz ətrafında artırıla bilər. 2025-ci il üçün Əməkhaqqı Fonundu bu istiqamətdə müəyyən imkanlar formalaşıb. Bu məqsədlə ayrılan vəsaitlər təxminən 500 milyon manat artırılır. Sosial müavinətlərin və təqaüdlərin artırılması gözlənilir. Bu artımların da 10 faiz ətrafında olacağı proqnozlaşdırılır”.
Rəşad Həsənov bildirib ki, Sosial Müdafiə Fondunun büdcəsi də minimum pensiyanın təxminən 10 faiz artırılması istiqamətində imkanların mövcud olduğunu təsdiqləyir:
“Təbii ki, artımlarla bağlı nə vaxt qərar qəbul ediləcəyi hələlik məlum deyil. Geniş büdcə sənədi açıqlandıqdan sonra bu istiqamətdə daha dəqiq məlumatların təhlil edilməsi imkanı yaranacaq”.