17:47
386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldovada Avropa Birliyinə (AB) üzvlüklə bağlı referendum keçirilib. Gözləntinin əksinə olaraq, Avropaya inteqrasiya tərəfdarlarının əks düşərgə üzərində üstünlüyü 1 faizdən də az olub. Moldovalıların 50.46 faizi ölkələrini AB-də görmək istəsə də, 49.54 faizi bunun əksini düşünür. Ekspertlər nəticələri uğursuz hesab edirlər. Çünki ölkə əhalisinin təxminən yarısı AB üzvlüyünə “yox” deyib. Beləliklə, məqsədə nail olunmayan yolda həm də bu MDB ölkəsini ikiyə ayıran qorxunc bölücü xətt də çəkilmiş oldu. Cəmiyyətin yarısı Avropa tərəfdarıdırsa, qarşıdakı düşərgə də rusiyayönlü elektoratdır.

Bəs Qərb niyə “qələbə” mesajı verir? Qərbdən gələn bu tələsik mesajların səbəbləri nədir?

“Bakı” politoloqlar klubunun rəhbəri, analitik Zaur Məmmədov Teleqraf.com-a açıqlamasında Moldovada baş verənləri şərh edib:

“Moldova hazırda öz tarixinin ən önəmli mərhələlərindən birindən keçir. Bu coğrafiyanın tarixinə baxanda görürük ki, həmişə müxtəlif güclərin mübarizə meydanı olub. Qərbi Avropa ölkələri, Osmanlı, Rumıniya, Rusiya həmişə bu coğrafiya uğrunda müharibələr aparıblar. Moldovanın bugünkü əsas problemlərindən biri milli identiklik və ideoloji mübahisələrlə bağlıdır. Ukraynada olduğu kimi, Moldova da öz gələcəyini kim və ya nəyə bağlamaq dilemması qarşısında qalıb.

Keçirilən referendumla bağlı əsas sual ondan ibarət idi ki, Moldova Konstitusiyasında Avropa Birliyinə üzvlüklə əlaqədar müdəa olmalıdır, ya yox? Moldova hakimiyyəti məsuliyyəti əhalinin özünə verib ki, Avropa Birliyinin üzvü olub-olmamasını özü seçsin.

Təxminən 20 il öncə bu ölkədə “rəngli inqilab” baş vermişdi, ardınca parlamentli respublika seçilmişdi. Nəticədə ölkə Rumıniya, Qərb və Rusiya tərəfdarları arasında mübarizə meydanına çevrildi. İndi 50.4 faizlik nəticə “referendumun baş tutması” sayılsa da, bu, Konstitusiyada əks edilsə, legitim olmayacaq. Çünki bu, əhalinin yarısı tərəfindən qəbul edilsə də, təxminən yarısı tərəfindən də rədd edildi.

Nəticələr ondan xəbər verir ki, yaxın aylarda orada mübarizə qızışacaq. Zənnimcə, Rusiya 2025-ci ildə Moldovada keçiriləcək parlament seçkilərinə hazırlaşır. Gürcüstandakı seçkilərin nəticəsi və Ukraynada münaqişənin gedişindən asılı olaraq, Rusiya Moldova ilə bağlı strategiyasını da seçəcək. Moldovada rusiyameylli siyasi partiyaların da sayı kifayət qədər çoxdur, həmçinin Rumıniya ilə birləşməyin tərəfdarı olan siyasi qüvvələrin sayı...

Ukrayna ərazilərinin gələcəyi ilə bağlı olduğu kimi, Moldovanın da gələcək taleyi gündəmdədir. Bura Moldovanın Dnestryanı və Qaqauziya kimi bölgələrindəki durum daxildir. Artıq şantaja da keçiblər. Qaqauziya bildirir ki, Moldova Avropa Birliyinə üzv olsa, ölkənin tərkibindən çıxacaq. Eyni ssenarini Dnestryanı bölgədə də görə bilərik. Rusiya hərbi qüvvələrinin buradakı varlığını nəzərə alsaq, Moldovanın fərqli bir durumla üzləşməsi mümkündür. Amma Moldova bu böhrandan inkişafa da, parçalanmaya da keçə bilər. Bəzi qonşu ölkələrinin Ukraynaya ərazi iddiaları olduğu kimi, Moldovaya qarşı da belə iddialar var”.

Zaur Məmmədov Qərbin Moldovadakı siyasi fəaliyyətlərinə də diqqət çəkib:

“Qərbin Moldovada apardığı siyasətə gəlincə, o, 20 ildən çoxdur bu ölkədə öz fəaliyyətlərini geniş şəkildə həyata keçirir. Bunu “uğursuz” adlandıra bilmərik. Bu nöqtədə Gürcüstan və Moldova arasında paralel aparmaq olar. İndi Gürcüstan viza, maliyyə və sair məsələlərlə bağlı Avropa Birliyinin şantajları ilə üzləşib. Moldovada da eyni olayları görürük. Oktyabrın 10-da Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Kişinyovda olmuşdu. Səfər çərçivəsində Leyen gələcəkdə Avropa Birliyinin Moldovaya 2.8 milyard avro verəcəyini açıqlamışdı. Bu, ötən günlərdə baş tutmuş prezident seçkilərindən öncə Maya Sandu hökumətinə dəstək demək idi. Artıq Sandu seçkilərdə qalib gəlib.

Başqa sözlə, Rusiya latent, Avropa Birliyi isə açıq şəkildə Moldovada onları dəstəkləyən siyasi partiyaların yanlarında yer alırlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər