17:28
212
12 Punto 14 Punto 16 Punto 18 Punto

Faktiki olaraq bu gün Avropada Azərbaycana qarşı diplomatik bir “cəbhə” açılıb. Sabitlik, sülh tərəqqi deyil, müharibə istəyirlər. Bu günlərdə Avropa Parlamentində 30-35 nəfər çıxış edərək ancaq “Qarabağ” məsələsindən danışdı. Ermənilərin gündəmə gətirdiyi “mövzular” dilə gətirildi. Bunların içərisində yalnız iki nəfər sırf insan haqları ilə bağlı məsələdən bəhs etdi. Reallıq odur ki, Qarabağ “mövzu”sunu gündəmə gətirənlər insan haqlarından yalan danışır.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov deyib.

O qeyd edib ki, bir tərəfdən yalan danışıb, digər tərəfdən həqiqəti söyləmək olmaz: “AP-də həmin çıxışlar sırasında xüsusi olaraq Natali Luazo özünün hazırladığı “sənədə” görə “minnətdarlığı”nı bildirib. Fakt Avropa Parlamentinin Cənubi Qafqazla Əməkdaşlıq Komitəsində anti-Azərbaycan və şovinist mövqeyi ilə tanınan Natali Luazonun sədrin birinci müavini təyin edilməsindən dərhal sonra ölkəmizə qarşı diplomatik müharibəyə başlayıb. Çünki bu adamlar Azərbaycanın yaratdığı yeni reallığı qəbul etmək istəmir”.

Millət vəkili bildirib ki, Avropa Parlamentində çıxış edənlərin çoxu xristianlıq məsələsini qaldırıb: “Bu, səlib yürüşü, orta əsrlər psixologiyasının mahiyyətini ifadə edir. Demək ki, bu adamlar hələ də orta əsrlər qaranlığının içərisindədir. Çünki onların apardığı siyasət iflasa uğrayıb. Ukraynada, Yaxın Şərqdə, Əfqanıstanda, Gürcüstanda olan gərgin vəziyyət, Moldovada yaşananlar, Ermənistan daxilində baş verənlər məhz onların yanlış siyasətinin nəticəsidir”.

Səməd Seyidov vurğulayıb ki, Azərbaycan müstəqil siyasət apararaq sülhü gündəmə gətirdiyi halda Avropa Parlamentində danışılan yalanlara inanmaq mümkün deyil: “Qarabağdan yalan danışanlar COP29 haqqında heç bir həqiqəti dilə gətirə bilməz. Çünki onların gündəmə gətirdikləri yalanlar məqsədyönlüdür. Bu gün Azərbaycanın yaratdığı gündəm onları ciddi şəkildə narahat edir. Formalaşan çoxqütblü dünyada isə onların yeri azalır. Bu mənada Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnamələri ancaq özləri üçündür”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər