Karantin rejimidir. Qaydalar var, qanunlara riayət etmək gərəkdir. Amma bir para məmurat və elə o sayda "sabiq"lər deyəsən, hələ də özlərini hamıdan ağıllı, hamıdan yuxarı, az qala toxunulmaz sayırlar.
Bu sözləri jurnalist Elçin Alıoğlu AMEA-nın Prezidenti Ramiz Mehdiyevin nəvəsi, sabiq millət vəkili İlham Əliyevin qızının toyu barədə danışarkən deyib:
“Toyda BDU-nun sabiq rektoru Abel Məhərrəmovun əttökən "tost"unu eşidibsiniz yəqin, videolar yayılıb. Toydakı qonaqların arasında Ombudsman Sabinə Əliyeva və onun əri, deputat Siyavuş Novruzov da olub. Toydan videolar yayılandan sonra bu adamların bəziləri "video saxtadır, quramadır, toy olmayıb" dedi, bəziləri "toy çox əvvəl olub" söylədi, bəzisi isə "toplantı idi, yaxşı eləmişəm" -deyə fikrini bildirdi. Ayıbdır, bunca yalan, bunca saxtakarlıq, bunca qanunları heçə saymaq? Qanunları qoyuram bir kənara - sizlər heç olmasa, mənəvi məsuliyyətin nə olduğunu bilirsinizmi? Yoxsa karantin qaydalarının sadəcə adi vətəndaşlar, kasıblar üçün olduğunu düşünürsünüz?”.