Türkiyəli mütəxəssislərin TURCOVID-19 araşdırmalarına görə, koronavirusa yoluxan 65 yaşdan yuxarı şəxslərin ölüm riski digər şəxslərlə müqayisədə 7 dəfə daha yüksəkdir.
Teleqraf.com xəbər verir ki, tədqiqat aparılan 1500 xəstənin 69,7 faizinə mikrobioloji, digər 30 faizinə radioloji üsullarla koronavirus diaqnozu qoyulub. Lakin sözügedən 30 faiz şəxsin PZR analizlərinin nəticəsi neqativ olub.
1495 xəstədə ağciyər tomoqrafiyası aparılıb, onlardan 83-də COVID-19 aşkar edilib. Virus aşkarlanan xəstələrin 17 faizi səhiyyə işçiləridir və tədqiqatlar zamanı bir nəfər virus səbəbilə dünyasını dəyişib.
5 ay ərzində xəstəxanaya müraciət edən 1500 xəstənin 57 faizi kişi, 43 faizi isə qadın olub. Koronavirus səbəbilə ölənlərin ortalama yaşı 71-dir. Xəstələrin 76 faizində yüngül pnevmoniya, 14 faizində isə ağır pnevmoniya müşahidə olunub. Tədqiqatlara görə, ağır pnevmoniya ölüm riskini 16 dəfə artırır. Yanaşı xəstəlikləri olan şəxslərdə isə bu risk 94 dəfə daha artıqdır.
Tədqiqat nəticələrinə görə, mütəmadi siqaret çəkmək koronavirusa yoluxma zamanı ölüm riskini 3,7 dəfə, nəfəs darlığını isə 6,5 dəfə artırır. COVID-19 xəstələrində qeydə alınan ən aşağı hərarət 38,2 dərəcə olub. Qeyd edilib ki, bədən istiliyində hər bir dərəcə artım ölüm ehtimalını 1,5 dəfə artırır.