20 Oktyabr 2020 09:15
2 266
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Alim Qasımov Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Alim müəllim, cəbhə bölgəsində baş verən hadisələri necə qiymətləndirirsiniz?

- Hər bir azərbaycanlı kimi cəbhə bölgəsində baş verən hadisələri yüksək qiymətləndirirəm. Neçə rayonumuz, kəndlərimiz işğaldan azad edildi. Ali Baş Komandamızın rəhbərliyi ilə bütün torpaqlarımız azad ediləcək. Ali Baş Komandamıza, əsgərlərimizə can sağlığı arzu edirəm. İnşallah, əsgərlərimiz sağ-salamat evlərinə qayıtsınlar, bütün torpaqlarımızı işğaldan azad etsinlər.

- Qələbə xəbərlərini eşidərkən hansı hissləri keçirirsiniz? Prezident İlham Əliyevin açıqlamalarını gözləyirsinizmi?

- Xalqım kimi mən də, ailə üzvlərim, qohum-əqrəbalarım da çox sevinir. Cənab prezident İlham Əliyevin yüksək səviyyədə çıxışını, qələbə xəbərlərini xüsusi gözləyirik. Füzuli, Cəbrayıl rayonlarını, kəndlərimizi və strateji əhəmiyyətli yüksəklikləri almışıq. Prezidentin qələbə xəbərləri çox ürəyimizə yatdı. Gözümüzdən sevinc göz yaşları axdı.

- Azad edilmiş torpaqlarımızda hansı muğamı səsləndirmək istəyərsiniz?

- İnşallah, hər qarış torpağımızda gözəl məclislər quracağıq. Qarabağa gedəndə mahnının dəmi orada gələcək. Onu öncədən deyə bilmərəm. Təbim Qarabağda gələcək.

- Qarabağda xüsusilə hansı şəhərə getmək istəyərsiniz?

- Mənə elə gəlir ki, hamı mənimlə razılaşar. Mənim və Azərbaycan xalqının arzusudur ki, vaxtı ilə gəzmədiyimiz torpaqların hamısına ayaq basaq.

- Qardaş Türkiyənin ölkəmizə mənəvi dəstəyini necə dəyərləndirirsiniz?

- Türklər bizim qardaşlarımızdırlar. İnşallah, dünya var olduqca türklərlə qardaş olacağıq!

- Xudafərin körpüsünün azad edilməsi cənubi azərbaycanlıları da çox sevindirdi. Onların sevinc göz yaşlarını gördük, bu haqda sosial şəbəkələrdə də video yayılıb.

- Bəli, onlar da bizim qədər sevinirlər. Mənə elə gəlir, azərbaycanlı olub-olmamasından asılı olmayaraq hər vicdanlı kəs sevinir. Bu haqsızlığa son qoyulacaq və Azərbaycan torpaqlarının hər qarışı xilas ediləcək.

- Vətənimiz uğrunda canından keçən şəhidlərimizin ailələrinə nə demək istərsiniz?

- Şəhid ailələrinin, analarının əlindən, gözündən öpürəm. Allah onların sevinc göz yaşlarını axıtsın, nəinki bala həsrətindən... Allah Vətən yolunda şəhid olan balalarımızın ruhunu şad eləsin. Onlar cənnətdədirlər. Valideynlərinə səbr və qürur diləyirəm. Qürur duysunlar ki, onların övladları şəhid olublar.

- Bəzi ölkələr erməniləri dəstəkləyir...

- Böyük hazsızlıqdır. Görün, kimin torpaqları işğal altındadır! Bunları bilənlər Azərbaycanı dəstəkləyəcəklər.

- Siz bir çox ölkələrdə olursunuz. Sənətinizlə yanaşı Qarabağ həqiqətlərini dünyaya çatdırırsınız...

- Bəli, 30 ildir təbliğatla məşğulam. Həmişə bizim musiqimizi eşidəndə onların bağrı çatlayır. Mən özüm də eşitdiyimə görə, deyiblər ki, onları niyə çağırmısınız? Eləcə də hava limanlarında bizi incidənlər olub. Bunların heç birini gəlib deməmişəm. Demək olar ki, bu hal həmişə olub...

- Ermənilərin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində çox sayda yaralananlar və həyatını itirənlər oldu. Xüsusilə azyaşlılar erməni vəhşiliyinin qurbanı oldu...

- Allah el-obamızı əğyar düşməndən, ermənilərdən qorusun. Bütün günü xalqımız üçün dua edirəm. Allah millətimizə kömək etsin. İnşallah, qələbə bizimlədir.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər