Ermənilər peyğəmbərin adından rəvayət uydurublar. İlahiyyatçı Norayr Qriqoryan Məhəmməd Peyğəmbərdən saxta hədis gətirərək yazır ki, guya peyğəmbər deyib: "Erməniyə toxunan mənə toxunur. Mən qiyamət günü onu sorğu-suala çəkəcəm".
İlahiyyatçı Elşad Miri hədisin həqiqəti əks etdirib-etdirməməsini Teleqraf.com-a şərh edib.
O bildirib ki, Qurani-Kərimdə heç zaman irqi ayrı-seçkiliyə yol verilmir: “Allah xalqları, millətləri, tayfaları yaradıb ki, insanlar bir-birini tanısın. Qurani-Kərimdə üstün, alçaq, zəlil xalq anlayışı yoxdur. Üstünlük ancaq doğru yaşamla əlaqələndirilir. Əgər Allaha inanıb, təsdiq edib, doğru yaşayarsanızsa, üstün olan sizsiniz. Bu, müsəlman və ya qeyri-müsəlman olub-olmamasından asılı olmayaraq hər kəsə aiddir”.
Erməni ilahiyyatçının dediklərinə gəlincə, Elşad Miri qeyd edib ki, peyğəmbərin adından yüz minlərlə müxtəlif rəvayətlər, hədislər uydurulub: “Bu gün bizim möhtəşəm kitab olaraq qəbul etdiyimiz “Divani Lüğətit-Türk”də guya türklərlə bağlı peyğəmbərin dediyi sözlər yer alır. Bundan əlavə, türklərin pislənməsi ilə bağlı başqa rəvayətlər də mövcuddur. İndi də ermənilər belə rəvayət uydurublar. Yəni uydurma prosesi indi də davam edir.
Peyğəmbər Qurana zidd danışa bilməyəcəyinə görə onun heç zaman irqi, dini ayrı-seçkilik salması mümkün deyil. Peyğəmbər rasizmə heç vaxt yol verə bilməz. Peyğəmbərin konkret bir fikri var, ərəbin əcəmdən (ərəb olmayandan) heç bir üstünlüyü olmadığı kimi, əcəmin də ərəbdən heç bir üstünlüyü yoxdur. Üstünlük ancaq və ancaq Allah qarşısında əməllərimlə ölçülür”.